Məzmuna keç

Oxşamalar

Vikimənbə saytından
Oxşamalar
Müəllif: Şifahi xalq ədəbiyyatı

Atın-tutun bu balanı,
Qəndə qatın bu balanı.
Atası evə gələndə
Qabağa tutun bu balanı.

Dağda darılar,
Sümbüllü sarılar.
Qoca qarılar,
Bu balama qurban.

Dağdakı atlar,
Quyruğun qatlar,
Göyçək arvadlar
Bu balama qurban.


Ağardı başım,
Yoxdur sirdaşım.
Qohum-qardaşım,
Bu balama qurban.


Ay qız adamı,
Sındır badamı.
Elçiyə çay ver,
Alım qadanı.


Badam badamı,
Oğlan adamı.
Qoy elçi gəlsin,
Alsın qadamı.


Bir bölük atlar,
Çəməndə otlar.
Ərsiz arvadlar,
Bu balama qurban.


Çaydakı qazlar,
Tükün tarazlar.
Nişanlı qızlar,
Bu balama qurban.


Çaydır, dənizdir,
Quldur, kənizdir,
Balam hər nədir,
Mənə əzizdir.


Çəkdim cəfasın,
Gördüm vəfasın.
Böyütdüm onu,
Sürüm səfasın.


Dağda arılar,
Şanın yarılar.
Qoca qarılar,
Bu balama qurban.


Dağda darılar,
Sünbül sarılar.
Qoca qarılar,
Bu balama qurban.


Dağda inəklər,
Otlar, iməklər.
Xonçalı bəylər,
Bu balama qurban.


Dağda meşəlik,
Gül, meşəlik.
Mən həmişəlik,
Bu balama qurban.


Dağdakı atlar,
Quyruğu qatlar.
Göyçək arvadlar,
Bu balama qurban.


Dağın maralı,
Gözüm qaralı.
Dünyanın malı,
Bu balama qurban.


Gördüm nalasın,
Çəkdim bəlasın.
Balam da istər,
Körpə balasın.


Göydə ulduzlar,
Şaxtalı buzlar.
Cehizsiz qızlar,
Bu balama qurban.


Göydəki quşlar,
Bu balama qurban.
Yağan yağışlar,
Bu balam qurban.


Qız bir maraldır,
Gözdə qaraldır.
Həsrət çəkənin,
Rəngin saraldır.


Qız gözə oxdur,
Dərd-səri çoxdur.
Götürün tullayın,
Bir xeyri yoxdur.


Mən çalım oyna,
Qurban boyuna.
El-oba gəlsin,
Sənin toyuna.


Min tümən azdır,
Qızdır, o nazdır.
Verin balamı,
Halı nasazdır.


Oğul ürəkdir,
Qızıl dirəkdir.
Götürün saxlayın,
Qıza gərəkdir.


Tükəndi ahım,
Yoxdur günahım.
Balam böyüsə,
Odur pənahım.


Tüstüsüz damlar,
Sarı badamlar.
Tənbəl adamlar,
Bu balama qurban.


Verdik bir dana,
Aldıq bir sona,
Ay qız anası,
Qal yana-yana.


Verdik bir dana,
Aldıq bir sona.
Ey əmim oğlu,
Qal yana-yana.

Mənbə

[redaktə]
  • El çələngi. Bakı, 2004. şpgshk