Məzmuna keç

Oxurdu

Vikimənbə saytından
Oxurdu
Müəllif: Xəstə Qasım
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20.

 
Bir nazənin sevdim məktəbxanada,
Haqq kəlamın dil əzbərdən oxurdu.
Əlinə almışdı eşqin kitabın,
Mənim dərsim dil əzbərdən oxurdu.

Mən tanıram öz yarımı nəfəsdən,
Ol səbəbdən könlüm düşməz həvəsdən.
Tavuz kimi səda verər qəfəsdən,
Bülbül kimi xoş dəftərdən oxurdu.

Xəstə Qasım kömək dilər mövladan,
Naz-qəmzəsi aşıqləri aldadan.
Həya eylər,hicab eylər molladan,
Gah yavaşdan, gah hündürdən oxurdu.