Oyada məni
Görünüş
Oyada məni Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Xəstə düşüb qürbət eldə yataram,
Bir kimsənəm yoxdu oyada məni.
O siyah telləri, şirin dilləri,
Salıbdı sönməyən, oy, oda məni.
Evinin dalında çeşmədə su var,
Gözüm gördü, könlüm eylədi qubar,
Məndən qeyri bəlkə bir sevgisi var,
Ol səbəbdən salmır o yada məni.
Sənsən Qurbaninin gül üzlü yarı,
Qalsa qürbət eldə artar azarı,
Hərdən oğrun baxır o mənə sarı,
Baxışı yandırar ay o da məni.