Məzmuna keç

Oyanmadım

Vikimənbə saytından
Oyanmadım
Müəllif: Cəlil Məmmədquluzadə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dərədə yatmış idim, oyatdılar, oyanmadım,
Bumuma tikanlan uzatdılar, oyanmadım,
Bomba parta-partnan, top atdılar, oyanmadım,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Müxtesər, hər bir əməl çıxartdılar, oyanmadım.
Şəhrimizdə cəm olub cavanlar naz ilen gəlib,
Qumarbaz, uşaqbazlar matuşkabaz ilən gəlib,
Mar, meymun oynadan söhbətü saz ilən gəlib,
Mütribi-xoşlehcəler pək xoşavaz ilən gəlib,
Müxtəsər, hər bir əmel çıxartdılar oyanmadım.
Qarışdı aralıqlar, qopdu məhşər qiyaməti,
Müsəlmanlar bir-birin qırdı unudub qeyrəti,
Hər gələn alim olub çapdı, taladı milləti,
Mən yuxuda ol zaman çəkirdim rahət ləzzəti,
Bumuma tikanlan uzatdılar, oyanmadım.
Gördülər, yuxlamışam, hər kəs sınadı gücünü,
Atlı atın üstümə, qurbağa saldı qıçını,
Hoppanıb Araz bu tay yığıb dəranin bicini,
Hiyləbazlar tutdular bütün Qafqazın içini,
Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.
Biz fəqira axın rahm eyləyib biganələr,
Açdılar mədrasələr, klub, qiraətxanələr,
Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,
“Molla Nəsreddin” dedi hər həftə bir əfsanələr,
Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım.