Oyanmaz (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oyanmaz (Aşıq Nəcəf Əlimərdanlı)
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Şair Məmmədhüseynin şeirinə nəzirə
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Qaşı cəllad, gözü yağı
Yatıb oyanmaz, oyanmaz.
Qəm hicranı yenə mənə,
Satıb oyanmaz, oyanmaz.

Alım yarın qadasından,
Bəlkə içəm badasından.
Şirin söhbət vədəsindən,
Ötüb oyanmaz, oyanmaz.

Şirmayı düzüb sazına,
Bülbül gəlir avazına.
Yusif kimi murazına,
Çatıb oyanmaz, oyanmaz.

Götürüb hicran daşını,
Qovğaya saldım başımı.
Nazlı yar, qəflət quşunu,
Tutub oyanmaz, oyanmaz.

Nəcəf kəsməz həvəsini,
Tərlan gəzər yuvasını.
Ağ üzündən cunasını,
Atıb oyanmaz, oyanmaz.