Oynar (Aşıq Abbas Tufarqanlı)
Görünüş
Oynar Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Başına döndüyüm alagöz Pəri,
Öz-özünə qeyri halman oynar.
Cəvahir mətahı, dür xiridarı,
Tutubdu dəstində, ləlinən oynar.
Sənsiz görüm xarab qalsın bu bağı,
Şeyda bülbül nə zövq eylər, nə zağı,
Zülfü dal gərdəndə açıb məzağı,
Ağ üzü münəvvər, xalınan oynar.
Ay Abbas, Pərinin bəzi işləri,
Yorğun maral kimi xoş baxışları,
İncidən, sədəfdən, dürdən dişləri,
Ağzı süd, dodağı balınan oynar.