Oynasın (Şair Aqil)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oynasın (Şair Aqil)
Müəllif: Şair Aqil
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Toya xoş gəlmisiz, toy adamları,
İzin verin deyim, kimlər oynasın.
Qoşa xallı, yüz xəyallı filankəs,
Ay qabaqda siyah tellər oynasın.

Geyimi əlvandı, kəlağay qara,
İnsafdımı, həsrət baxsın yar yara!?
“Şalako” çalınsın, bir də “Tamara”,
Cərgə dursun, xub gözəllər oynasın.

Təbiət çox gözəl yaradıb onu,
Əyninə yaraşır libası, donu.
Dəstə-dəstə şabaş verin çirvonu,
Havalansın, nazik əllər oynasın.

Onu görcək şövqüm artır dəmadəm,
Yanağı qızılgül, üstündə şəbnəm.
Vəsfini yazmağa fəxr edir qələm,
Aqilin dəstində dəftər oynasın.