Pəhləvan oğlan
Pəhləvan oğlan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir şəxsin uzun müddət uşağı olmurdu. Nəhayət arvadı ona bir oğlan doğdu. Bu elə uşaq idi ki, böyük oğlana oxşayırdı. Oğlanın olmasına sevinən ata böyük məclis düzəltdi. Şadyanalıqdan sonra, oğlan birdən dil açıb dedi:
- Ata mən artıq böyümüşəm. İcazə ver, ata minib sənin sürülərini otarım.
- Sən nə danışırsan? – deyə ata etiraz etdi. Sən hələ çağasan!
Lakin oğlan əl çəkmədi, öz dediyində israrlı oldu. Onda ata dedi:
- Yaxşı get. Axşam ilxını toplamaq istəsən, təpəyə qalx və qışqır. Baş verənləri mənə danışarsan.
Oğlan atasının dediyinə əməl etdi. O, təpəyə qalxdı və qışqırdı. Bu vaxt yerdən bir cırtdan çıxıb dedi:
- Sənin necə gücə malik olduğunu bilmək istəyirəm. Məni ağacınla üç dəfə vur. Əgər mən bu zərbələrdən torpağa girsəm, onda sən güclüsən.
Oğlan birinci zərbəni endirdi, cırtdan qurşağa kimi yerə girdi, ikinci və üçüncü zərbələri endirən kimi cırtdan tam yerin altına girdi. Oğlan evə qayıtdı və hər şeyi atasına danışdı. O, oğlunu təriflədi.
- Afərin oğlum! Bir vaxtlar mən də cırtdana rast gəlmişdim. Lakin mən onun öhdəsindən gələ bilmədim.
Həmin gün oğlanın atasının yanına qonaqlar gəldi. Onlardan biri maraqlı əhvalat danışdı.
- Mən bir nəfəri tanıyırdım. Bu yaxınlarda o, öldü. Onun arvadını xarici ölkənin xanı oğurlayıb apardı.
Bunu eşidən oğlan özünü öyərək dedi:
- Mən həmin qadını geri qaytaracağam.
Və oğlan dənizin o tayına keçərək, elə bir şəhərə gəldi ki, xan həmin qadını qaçırıb ora aparmışdı.
Şəhərin meydanında oğlan bir qadına rast gəldi. O, bu hadisə ilə bağlı bunları dedi:
- Bizim xanımız, - deyə qadın danışmağa başladı. – gözəl qadınla evlənmək fikrindədir. Qadın isə ona ərə getmək istəmir. O, eləsinə getmək arzusundadır ki, xana qalib gəlsin. Mən görürəm ki, sən çox güclüsən. Mən fit çalan kimi qadını qəflətən götür və apar. Yaxşı, - deyə oğlan cavab verdi və buradan saraya yollandı. O gördü ki, xan və onun yanında yeddi yüz igid atlı gəlir.
Onların heç biri bu qadına sahib ola bilmir. Birdən kimsə fit çaldı. Oğlan cəsarətlənərək qadını tez ələ keçirib, qaçırtdı. Bütün dəstə onun dalınca düşdü. Oğlan qadınla sahilə gəldi və onlar atdan düşüb dənizdə üzməyə başladılar. Nahaq yerə xan qışqıraraq onları geriyə qaytarmaq istəyirdi. Bütün bunlar əbəs idi. Oğlan onlara qulaq asmadan qadınla birgə xeyli üzdülər və kəndlərinə gəlib çıxdılar. Beləliklə o qadını özünə gəlin gətirdi.
Mənbə
[redaktə]- Dağıstan xalqlarının nağılları. Bakı, 2013.