Məzmuna keç

Pərişan halin oldum, sormadın hali-pərişanım

Vikimənbə saytından
Pərişan halin oldum, sormadın hali-pərişanım
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Pərişan halin oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən,
Səni hər qanda görsəm, əhli-dərdə aşina görmən,
Vəfavü aşinalıq tərkini səndən rəva görmən,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım.

Dəyər hərdəm vəfasız çərx yayından mənə bir ox,
Kimə şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox,
Sənə qaldı mürüvvət, səndən özgə hiç kimsəm yox,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə!
Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə!
İkən həm zalım olma, mən kimi məzlumu incitmə!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Qatı könlün nədən bu zülm ilə bidadə rağibdir,
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir.
Sənin tək nazəninə, nazənin işlər münasibdir,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Nəzər qılmazsan əhli-dərd gözdən axıdan seylə,
Yamanlıqdır işin üşşaq ilə, yaxşımıdır böylə?
Gəl, allahı sevirsən aşiqə cövr etmə, lütf eylə,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

Füzuli şiveyi-ehsanın istər, bir gədayindir,
Dirildikcə sənin kuyin yolunda xaki-payindir,
Gərək öldür, gərək qoy, hökm – hökmün, rəy – rəyindir,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!