Məzmuna keç

Pəri (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Pəri
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.79-80

Dərviş sayaq xeyli gəzdim cahanı,
Görmədim sənin tək bir insan, Pəri!
Xaliqin hökmülə xəlq olunmayan,
Nə yaraşıqlı mələk, nə qılman, Pəri!
 
Qamətin əlifdi, peykanın nundu,
Surətin mələkdi - sevmək qanundu,
Atəş gözlərdədi - üzülən candı,
Gərək doğru olsun yol-ərkan, Pəri!

Boşalan dünyadı, dolan dünyadı,
Həqiqi dünyadı, yalan dünyadı,
Verdiyini əldən alan dünyadı,
Nə sevgi qalacaq, nə cahan, Pəri!

Şəkli-şəbahətdə qeyri təhərsən,
Hüsnü vücahətdə şəmsi-qəmərsən,
Qan ağlaram - hər yadıma düşərsən,
Ağlar didələrim, tökər qan, Pəri!
 
Dərd, qəmim taladıb - ürəkdə məlal,
Getməz gözlərimdən firqəti-xəyal.
Dərdim çoxdu - deyim yaz, dəftərə sal,
Neçə ki, zülfünə yoxdu san, Pəri!
 
Bağ bənzəməz hərgiz behişt bağına,
Sar yaraşmaz qoysan tərlan yerinə.
Qəm dəryadı - qərq olmuşam dərinə,
Təlatüm eyləyir min tufan, Pəri!
 
Göz axtarar, könül istər - çatmaz əl,
Xidmətinə namə yazdım, dil əfsəl,
Qurban beynəvadı, sal yadına gəl,
Can mənim, can sənin, bir də can, Pəri!