Məzmuna keç

Pəri (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Pəri
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Nə gülürsən mənim kimi gülüncə,
Sən mənə gülüncə, dərdə gül, Pəri!
Alişan otaqda, gülşən bağçada,
Süsəni, sünbülü dər də gül, Pəri!

Səninlə gəzirdik Təbrizdə bağı,
Sinəmə çəkirsən dağ üstdən dağı,
Bəndə saldın mənim kimi dustağı,
Çox məni qoyubsan darda, gül, Pəri!

Abbas gətirildi dar ayağına,
Xınatək yaxıldım yar ayağına,
Yoxsulu çəkərlər var ayağına,
İndi mənim kimi mərdə gül Pəri!