Nagahdan gördü gözüm,
Sən təki insanı, Pəri.
Hurisən, Məlikəsən,
Cənnətin qılmanı, Pəri.
Yaralar məlhəmisən,
Dərdlərin dərmanı, Pəri.
Gözəllər sərdarısan,
Məhbubların xanı, Pəri.
Şah kimi taxta çıxıb,
Edərsən divanı, Pəri.
İzzət, ikram qılaram,
Xidmətində qalaram,
Qul-qurbanın olaram,
Əgər qəbul eləsən,
Qolum boynuna salaram.
Qolum boynunda,
Əlim qoynunda,
Çiynim çiynində,
Eşqin beynimdə.
Sarmaşıb köynək kimi,
Durum sənin əynində.
Əyninə al məni, gəl,
Qat bu cana canı, Pəri.
Gəl qataq canı cana,
Xatirimə dəyməgilən.
Sındırıb şad könlümü,
Dal qəddimi əyməgilən.
Gəlmişəm ayağına,
Naz-qəmzəni öyməgilən.
Sevərsən bir Tanrını,
Mən yazığa qıymagilən.
Ver mənim muradımı,
Qiyamətə qoymagilən!
Qiyamətdi qaşların,
Güləbatın saçların,
İnci, mərcan dişlərin,
Xub fincandır döşlərin,
Bu biçarə başıma
Çox ağırdır daşların.
Ağır daş atma,
Nazını satma,
İşi uzatma,
Xalqı oyatma,
Qanıma bais olub
Babala batma.
İki dostun arasına
Salmagılan qanı, Pəri!
Qan salma aralığa,
Çün eşqimə pərvanəsən,
Bəxtəvər yaranmısan,
Bu dünyada bir danəsən.
Sərraflar qədrin bilir,
Cəvahirsən, dürdanəsən.
Xoş qılıq, xoş ixtilat,
Açıq qabaq – mərdanəsən.
Al-əlvan hənalayıb,
Tök tellərin gərdənə sən.
Gərdən göyçək, tel nazik,
Qucmaq üçün bel nazik,
Barmaq şümşad, əl nazik,
Xoş danışan dil nazik.
Çox qəmlidir ürəyim,
Bircə danış, gül nazik.
Nazik uşaqsan,
Kağızdan ağsan,
Ağca buxaqsan,
Qaymaq dodaqsan.
Maşallah, göz dəyməsin,
Əcəb yumşaqsan.
Bircə gecə eylə qonaq,
Sevindir mehmanı, Pəri.
Mehmanınam, gəldim sana,
Eylə qonaq, al qoynuna.
Götürüb qucağına,
Tifil kimi sal qoynuna.
Yalayım tər sinəni,
Dağılıbdır bal qoynuna.
Sərvətli tüccar kimi,
Doldurmusan mal qoynuna.
Yerbəyer müştərilər,
Eyləyibdi yol qoynuna.
Müştəriyəm boyuna,
O gözəlcə xoyuna,
Ətrü-ənbər boyuna,
Edən haqqü sayına,
Dərdlərə dərman olan,
Abi-kövsər çayına.
Çayın popuxdur,
Rəngi də şuxdur,
Suyun soyuqdur,
Yaza yovuqdur,
Kipriyin oxdur.
Gəzsələr cəmi dünyanı
Heç tayın yoxdur.
Kim olar bərabərin
Sənsən Kərəm kanı, Pəri?!
Yəqin bil, kərəm kanı,
Mən yanıram atəşinə!
Beyqafıl gəldim bu gün,
Düşdüm betər savaşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına.
Yıxılım ayağına,
Durum dolanım başına.
Həm sənə qurban olum
Həm də sənin yoldaşına.
Yoldaşın pərvazdı, gəlin!
Xub yerişin qazdı, gəlin,
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin!
Doğmusan şəmsü-qəmər,
Gül didarın yazdı, gəlin.
Ey bahar, yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım,
Aç qolunu qucaqlaşaq,
Demək nə lazım.
Oynatsın Molla Cuma
Şamamatək səni, Pəri!