Pərvanə kimi yandı könül, narə desinlər
Görünüş
Pərvanə kimi yandı könül, narə desinlər Müəllif: Mirzə Məhəmməd Həsən Fələkizadə |
Pərvanə kimi yandı könül, narə desinlər,
Bülbül qəmini güldən ötür xarə desinlər.
Göz yaşı töküb sübhə qədər eylərəm əfğan,
Dil yarələnib, yarələrim yarə desinlər.
Çeşmi-siyəhim yarələri yarə görünməz,
Müjgan oxunun yarəsinə çarə desinlər.
Gəl etmə cəfa, eylə vəfa, ey qədi-rəna,
İnsaf degil, dərdimi əğyarə desinlər.
Dil yarə, günüm qarə, qəmü dərdə nə çarə,
Dərd əhli bilər, dərdi xəbərdarə desinlər.
Məcnunluğu ögrəndi, gözüm Leylidə qaldı,
Mənsur kimi çəkdi məni darə desinlər.
Həsrətdi gözüm sübhü görə, sübh açılmaz,
Şəb zəhmətini ah ilə biçarə desinlər.
Təqdiri-qəza sağ əlimə verdi əsanı,
Neynim məni-biçarə? Güni-qarə desinlər.
Söndü gözümün şəmi, gözüm qarə geyindi,
Mirzə, cigərin aləmə sədparə desinlər.