Məzmuna keç

Peyğəmbər (Hüseyn Cavid)/Bisət

Vikimənbə saytından
Peyğəmbər. Bisət
Müəllif: Hüseyn Cavid
Dəvət


BİSƏT


Aydın və yıldızlı bir gecə. Məkkə yaxınlığında Hira dağı. Ətrafda mağaralar, yalçın qayalar, sarp enişlər, qorqunc uçurumlar...Peyğəmbər əli alnında dərin düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, veqarlı bir sima... Alnı, köksü, omuzlarının arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də pək düz; sağalı bir tutam, sıq və tam; biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri gəmikli; kirpikləri uzun, iki qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... İştə o dalğın və müəmmalı gözlər... Gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində altun qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab etməyə başlar.

Mələk

Ulu dahi, sən ey böyük rəhbər!
Qalx, oyan İştə hər tərəf, hər yer,
Həp təbiət dalıb da röyayə,
Cəlb edər ruhu şerü sevdayə,
Gecə, yıldızlarilə pürxülya,
Səni dinlər sükut içində fəza...

Peyğəmbər

(başını qaldırır, heyrət və iztirab ilə)

Yenə röyamı gördüyüm əcaba?
Sən nəsin, söylə?

Mələk

Bənmi? Hiç sorma!
Əzəliyyət şəfəqlərində açan
Tazə bir qönçə, pənbə bir yıldız.
Əbədiyyət üfüqlərində uçan
Tanrı qoynunda bəslənən bir qız.
Şerü hikmət, zəka ilahəsiyim,
Ulu dahilərin nədiməsiyim.
Ayrı olsaq da iştə hər ikimiz
Bir rübabın inildəyən səsiyiz.

Peyğəmbər

Nə için gəldin anlamam yenə sən?

Mələk
(göyə doğru)

Ona qaldırmaq istərəm səni bən.


Peyğəmbər

Ah, sən daima gəlir də bana
Sonra həp göstərirsən istiğna.
Bən kimim, söylə?!Sən nəsin?Göstər!

Mələk

Bən mələk, sən də, sən də peyğəmbər.

Peyğəmbər

(şaşqın, geri çəkilir)

Ya! Demək sən mələkmisin? Heyrət!

Mələk

Bən sənim, sən də bən, şaşırma, əvət
Bən sənin əqlinim, fəqət daim
Şu qiyafətlə zahir olmadayım.

Peyğəmbər

Gəl, yaqın gəl, aman, nə dilbərsin!
Yox, saqın, gəlmə, dur, nə söylərsin.
Yenə sarsıldı müztərib ruhum,
Dur, aman, sanki qəlbi-məcruhum
Şövqü həsrətlə rəqs edər, sızlar,
Onu bir qəhrxəndə yaldızlar.
Qopuyor ta içimdə bir tufan,
Beynim atəş saçıb durur hər an.
Yanıyor bənliyim, düşüncələrim,
Çarə bul, yoqsa məhv olub gedərim.

Mələk

Ən gözəl çarə: iştə əzmü səbat,
Olma əsla əsiri-hissiyyat,
Buraqıb aczi durmadan yüksəl,
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!
Ərşi-lahutə doğru aç şəhpər,
Daima yüksəl, ey böyük rəhbər!

Peyğəmbər

Yoq, qanat yoq! Bən iştə bir aciz
Yolçuyum kimsəsiz, təsəllisiz.
Çevrəm issız mağaralar, yalçın
Qayalar, sarp enişlər, ah azğın
Uçurumlar, alev saçan ovalar.
Ruhu qəsvətlə yıldıran havalar...
Bir çəmən yoq, axar su yoq, heyhat!
Göz, qulaq burda duymaz eşqü həyat.

Mələk

(göyə doğru)

Baq, şu əngin fəza, şu quytu dəniz...
Nə qədər xoş, nasıl gözəl, ləkəsiz...
Uçuşur hər tərəfdə yıldızlar...
Rəqs edər sanki nazənin qızlar.
Həp birər şer, sən də bir şair,
Hər tamaşası eşqə aiddir.

Peyğəmbər

Ah, şu elmasparələr sərpən
Gecə çoq möhtəşəm...fəqət onu bən
Seyrə daldıqca sanki məhv olurum.
Qəlbim oynar da, çırpınır ruhum.
Anlamam bir şu ölçüsüz, şu dərin,
Bu qaranlıq, çiçəkli pərdə niçin?
Bəni yalnız düşündürən şu məal.
Həp bu, yalnız bu, daima bu sual.
Şu siyah çarşaf ən böyük əngəl,
Uça bilsəydim, iştə ən əvvəl
Onu yırtar da, parçalar da həmən.
Qavuşurdum o hüsni-mütləqə mən.

Mələk

Onu dərk eyləmək qolay...Ancaq
Ver içindən gələn sədayə qulaq,
Dinlə həp kainatı, seyr eylə,
Hər günəş ondan iştə bir şölə...
Hər ufaq zərrə, hər küçük yapraq
Sənə söylər bu rəmzi pək parlaq.

Peyğəmbər

Bəncə dünyada ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək...

Mələk

O da mümkün, düşün də haq yolu tut,
Atalardan qalan nə varsa unut!
Yıq xurafatı, əski bütləri qır,
Kim yol azmışsa haqqa doğru çağır.
Mərdivənlər yapıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!

Peyğəmbər

Öylə bir əsr içindəyim ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.

Gülüyor nura daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çignənib gediyor.

Mələk

Əlverir səndə olsun əzmü səbat
Şu qaranlıq mühiti, get, parlat!
Haqqı anlat da, olma hiç məyus.

Peyğəmbər

Bəni bir kimsə dinləməz əfsus.

Mələk

Tanrı fərmanıdır bu, get söylə!

(göyə işarətlə)

Söylə ancaq onun lisanilə.

Peyğəmbər
Hanki möcüzlə? Bən ki, pək aciz
Bir qulum kimsəsiz, müdafiəsiz.

Mələk

(altın qablı bir kitab verir)

Haqqı təbliğ için sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq.
Saçma, həp saçma başqa möcüzələr,
Şu kitab iştə ən böyük rəhbər:
Bəhs edər busədən, məhəbbətdən,
İncilər sərpər elmü hikmətdən.

Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, torpaq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar.

İskelet

Nə qədər şairanə, tatlı xəyal,
Həp çocuqluq, əvət, xəyali-məhal!

(Ridasının altından sıyrılmış bir qılıc çıqarır.)

İnqilab istiyormusun, bana baq!
İştə kəskin qılıc, kitabı buraq.
Parlayıb durmadıqca əldə silah,
Əzilirsin qanın olur da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıcdadır qüvvət!
Bundadır haq, şərəf və hürriyyət!

(Çəkilmək istər.)

Peyğəmbər

Sən nəsin? Söylə!

İskelet

Bənmi? Piri-nədim.
Rəmzi-tarix, o feylesofi-qədim.
Qucağım oldu hər dəhayə beşik,
Səni bən etmək istərim təbrik.
Əvət, alnında parlayan yıldız
Bəni cəlb etdi, şimdi sən yalnız
Dinləyib dərsi-hikmət al bəndən.
Yoqsa könlündə yapdığın gülşən
Açmadan həp solub xərab olacaq.
Umduğun hər dəniz sərab olacaq...

Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalır.

Mələk

(tatlı təbəssümlərlə)

Yenə bilməm niçin-niçin daldın?
Nə düşündün, niçin şaşıb qaldın?
Sevgidən xoşmu səncə atəşi-kin?
Yoq, qılıc söz qədər deyil kəskin.
Tanrı keçmişdə həp qan istərkən,
Şimdi məmnun fəqət məhəbbətdən.

Peyğəmbər

Bən məhəbbət əsiriyim...hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.
Könül uçduqca etila bulsun.
Rəqs edib orda möhtəşəm bir hiss,
Yasa batsın da, ağlasın iblis.
Qandan əsla görülməsin də əsər,
Saçsın al qönçələr şəfəqli səhər.
Orda yüz bulmasın işgəncə, kədər,
Oqşasın ruhu pənbə röyalər.
Bana gülsün də həp o nazlı xəyal,
Ah, o, yalnız o qayeyi-amal...



Onu duymaq, düyurmaq istərkən,
Gəririm hər bəlayə köksümü bən.
Daş, dikən, oq, qılıc, tokat, yumruq
Həpsi xoş, hər nə gəlsə dönmək yoq...
Kin, qərəz fışqırırsa vulkanlar,
Büğz, ədavət saçarsa tufanlar,
Çarpışır, of deməm, əvət bəni sən
Çəkinir sanma hiç mübarizədən.
Çünki həp bənliyim, kəmalım onun,
Hər düşüncəm, bütün xəyalım onun.
Bəni həp cəzb edər o incə məal.
Ah, o, yalnız o qayeyi-amal!..

Peyğəmbər son sözləri söylərkən əllərini köksündə çarpaz edərək diz çökər, məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir.