Peyğəmbər (Puşkin)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Peyğəmbər Müəllif: Puşkin Tərcümə edən: Eyvaz Borçalı |
Mənbə: “Aleksandr Sergeyeviç Puşkin. Seçilmiş əsərləri“, Bakı, 2012. |
Ruhumu təngidən bir yanğıyla mən,
Sərgərdan gəzirkən kimsəsiz düzdə,
Yollar ayrıcında çıxdı qəfildən
Altıqanad mələk yolumun üstə;
Əliylə gözümə elə toxundu –
Hürkmüş bir qartalın ayıq gözütək
Açılıb gözümdə nurlandı bəbək.
Elə ki, toxundu qulaqlarıma –
Səs-küylə doldurub çəkdi tarıma:
Aydınca eşitdim göyün səsini,
Orda mələklərin süzməyini də.
Çöldə tənəklərin titrəməsini,
Suda dənizlərin üzməyini də.
Hələ tərpənməmiş durduğum yerdən
Əyilib ağzıma saldı əlini;
Çəkib boğazımdan çıxartdı birdən
Günahkar dilimi, şeytan dilimi.
Ağzımın beləcə keyimiş vaxtı
Hikmət iynəsini – ilan dilini
Gətirib dilimin yerinə taxtı.
Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb,
Yerinə köz qoydu, alışan bir köz,
Dedi: bundan belə bu ağrıya döz.
Qaldım meyid kimi kimsəsiz düzdə.
Tanrı dilə gəldi başımın üstdə:
«Oyan, ey peyğəmbər, həm gör, həm eşit, –
Mənim istəyimlə get dolan rəşid;
Sən ellər dolaşıb, dənizlər adla,
Bəşər ürəyini sözünlə odla!»