Pisləyirsən gözəli sən necə hər an, ey şeyx
Görünüş
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?
Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
Sevgini xəlqə həram etdin əzəldən, lakin
Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!
Hər nədən məst olursan, nə təfavüt, məstsən,
Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx!
Nə üçün inciyəsən, üzr varındır hər an,
Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!
Bir baxaq biz içirik, məst oluruq bir meydən,
Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx!
De görək ki, nə olub hasilin ol məsciddən,
Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx!
Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən,
Onu almış ələ bir zülfi-pərişan, ey şeyx!