Purpuravas və Urvaşi haqqında hekayət

Vikimənbə saytından
Jump to navigation Jump to search
Nağıllar. Purpuravas və Urşavi haqqında hekayət
Müəllif: Şifahi xalq ədəbiyyatı


Vivasvatın oğlu Manu Himalay dağında tufana düşdü, sağsalamat qurtardığına görə tanrılara nəzir verdi: dağın başından suya bir az kəsmik, bir azca da yağ tulladı. Həmin nəzirdən İla adlı bir arvad yarandı. O, xalq arasında Manunun qızı kimi tanındı. Sonra Manu asqırdı, onun asqırığından İkşvaku adlı oğlan doğuldu, onun daha sonra səkkiz oğlu da oldu. İkşvakudan, Şərqdə hökmdarlıq edən Günəş nəslinin şahları törəndilər.

Ay tanrısı Somonun oğlu Budxa, Manunun qızı İla ilə evləndi. Onların bir oğlu oldu, adını Pururavas qoydular. Qərbdəki öl- kələri idarə edən Ay nəslinin ilk şahı həmin oğlan oldu. Pururavas qüdrətli və ədalətli şahıydı, böyük-böyük ölkələr, okeanlardakı adalar şahlığına daxil idi, məziyyətlərinə görə tanrılara tay idi. Rəvayətə görə günlərin bir günü Arzu, Mənfəət və Yaxşılıq ona baş çəkirlər. Şah onların hər üçünü hörmətlə qarşıladı, amma Yaxşılığa daha çox ehtiram göstərdi. Özlərini təhqir edilmiş sayan Arzu və Mənfəət Pururavası lənətlədilər. Arzu gələcəkdə onun sevgilisindən ayrı düşəcəyini dedi, Mənfəət isə tamahkarlığından öləcəyini söylədi. Yaxşılıq isə onların lənətlərini yumşaltdı, şahın uzun ömür sürəcəyini, varislərinin isə Yer üzündə şahlıq edəcəyini dedi.

Həmin vaxtlar səma qızlarının ən göyçəyi Urvaşi allahların iqamətgahını tərk edib yerə endi. Vaxtilə Aditin böyük oğlanları Mitra və Varuna onu göydə, ilahi Nandana meşəliyində görmüşdülər, görən kimi də bir könüldən min könülə ona vurulmuşdular. Gündüz işığı allahı qüdrətli Mitra onunla evləndi. Amma qızın meyli Varunaya idi. Urvaşinin iki oğlu oldu: müdrik Aqastya və Vasiştha. Uşaqların atasının kim olduğu – Mitramı, yoxsa Varunamı – heç tanrılar da bilmirdilər. Urvaşinin xəyanətindən xəbər tutan kimi Mitra onu göydən qovdu, lənətlədi, bir nəfər ölərinin arvadı olacağını, yerdə, insanların arasında yaşayacağını dedi. Ölümlü insanlar dünyasında Urvaşi Pururavası gördü, səmadakı sarayları yadından çıxartdı və bütün varlığıyla ona vuruldu. İlahi qızın gözəlliyinə heyran qalan Pururavas şah da Urvaşiyə vuruldu. Şah ona elçi düşdü.

Urvaşi cavabında dedi:

– Mən razıyam, amma iki şərtim var.

Şah soruşdu:

– Şərtin nədi?

– Mənim iki quzum var, onları mən doğma uşaqlarım kimi istəyirəm. Qoy onlar həmişə mənim taxtımın yanında qalsınlar və söz ver ki onları qoruyacaqsan, bir də söz ver ki, heç vaxt mənim gözlərimə çılpaq görünməyəcəksən.

Pururavas hər iki şərtə məmnuniyyətlə razılıq verdi. Beləliklə, göylər qızı ölümlü bir insanın arvadı oldu.

Onlar uzun illər xoşbəxt həyat sürdülər, Pururavasın göyçək Urvaşiyə, Urvaşinin isə Pururavasa qarşı olan sevgisi günbəgün artırdı. Qız göylərdə, əbədi tanrılar arasında yaşadığı vaxtları artıq unutmuşdu. Amma Urvaşisiz səma sarayları özünün yaraşığını itirmişdi, onun nisgilini çəkənlər çox idi. Qandharvların hökmdarı Vişvavasu, Urvaşini geri aparmaqdan ötrü göydən yerə endi. Vişvavasu ər-arvad arasındakı şərti bilirdi. Günlərin bir günü gecəykən onların yataq otağına soxuldu və quzulardan birini qapıb aradan çıxdı. Urvaşi yuxudan oyandı, quzulardan birinin itdiyini görüb qışqırdı. “Ərim hardadı? Kimdən kömək diləyim?” – deyə o, acı-acı vay-şivən qopartdı. Pururavas isə çılpaq arvadının gözünə görünməmək üçün yatağından gec durdu, o, qalxana kimi oğru quzunu da götürüb aradan çıxdı. Urvaşi qışqıra-qışqıra ərini qınadı: “Qorxağa ərə gedən arvada himayədar tapılmaz!” Növbəti gecə qandharvlar ikinci quzunu apardılar. Bu dəfə Pururavas yatağından cəld qalxdı, güman elədi ki, gecənin qaranlığında arvadı onun çılpaq olduğunu görməz. Qılıncını götürüb oğruların dalınca düşdü. Elə bu zaman qandharvlar şimşək çaxdırdılar və şimşəyin şöləsində Urvaşi ərinin lümlüt olduğunu gördü. Qandharvlar quzunu atıb, özlərinin səma saraylarına çəkildilər.

Pururavas quzunu da götürüb geri qayıdanda gördü ki, Urvaşi yoxa çıxıbdı. Ümidsiz Pururavas sevgilisini axtarıb tapmaq üçün işıqlı dünyanı gəzib dolaşmağa başladı. Divanələr kimi çox gəzib-dolaşdı, itkisinə acı-acı ağılar dedi: bir çox ölkələri dolaşandan sonra, nəhayət, gəlib Kurukşetrə çıxdı. Burada o, şanagüllələrlə örtülmüş bir gölə rast gəldi, göldə qu quşları üzürdü. Bunlar qu quşları cildinə girmiş apsarlarıydı və Urvaşi də onların arasındaydı. Urvaşi ərini görüb rəfiqələrinə dedi: “Mənim sevdiyim adam bax, odu”. Apsarlar “gəlin özümüzü ona göstərək” dedilər və səma qızları cildinə girib onun qarşısına çıxdılar. Pururavas üzünü Urvaşiyə tutdu:

– Ey mənim arvadım, ey mənim qəddar ürəklim, ayaq saxla, gəl danışaq!

Urvaşi etiraz elədi:

– Mən səninlə nə danışım? Mən dan yerinin ilk şəfəqi kimi çıxıb getdim. Pururavas, qayıt evə! Mən külək kimi bir şeyəm, məni saxlamaq olmaz.

Pururavas çox yalvardı, nahaqdan çox dil tökdü, çarəsiz qalıb, geri qayıtmasa özünü öldürəcəyini dedi. Dedi ki, geri qayıtmasan sıldırım qayalıqdan özümü atacağam, canımı vəhşi canavarlara yem edəcəyəm.

Urvaşi dedi:

– Ölmə, Pururavas, özünü sıldırım qayalıqdan atma. Yadında saxla ki, qadınlarla dostluq etmək olmaz, onların qəlbində rəhm deyilən şey yoxdu.

Amma Urvaşinin ona yazığı gəldi və dedi:

– Get, düz bir ildən sonra gölün sahilinə gələrsən. O vaxta kimi bətnimdə gəzdirdiyim uşağımız doğular.

Düz bir ildən sonra Pururavas həmin yerə gəldi. Əvvəllər göl olan yerdə o, qızıl saray gördü. Urvaşi saraydan çıxdı və dedi:

– Bu gecəni mən səninlə keçirəcəyəm. Sabah qandharvlar deyəcəklər ki, sənin bir arzunu yerinə yetirməyə hazırıq. Onda deyərsən: “Mən sizinkilərdən biri olmaq istəyirəm!”

Pururavas Urvaşinin dediyi kimi elədi. O, qandharvlara dedi:

– Yer üzündə nə arzulamışamsa, hamısı nəsibim olubdu. Mənim yeganə arzum Urvaşinin yanında olmaq və ondan ayrılmamaqdı.

Qandharvlar ona içində od olan bir manqal verib dedilər:

– Meşəyə yollan, bu odu üç yerə böl, fikrində Urvaşini tutaraq şərab nəziri ayinini yerinə yetir, arzuna çatacaqsan.

Pururavas manqalı götürüb meşəyə yollandı. Meşədə şübhə onu bürüdü: “Dəliyəm, dəli, Arvadımın əvəzinə bu manqalı götürdüm. Qandharvlar məni aldatdılar”. O, manqalı meşədə qoyub geri, saraya qayıtdı. Gecəyarısı yuxudan qalxıb fikrə getdi: “Qandharvların dediyinə nahaq əməl eləmədim, axı onlar söz vermişdilər ki, arzumu yerinə yetirəcəklər!” O, yatağından qalxdı, həmin meşəyə yollandı, gəlib gördü ki, manqal yoxdu, onun yerində iki ağac bitibdi. Pururavas hər ağacdan bir budaq qopartdı, saraya qayıtdı və budaqları bir-birinə sürtməklə müqəddəs od əldə elədi. Pururavas ilk ölümlü adam idi ki, üç müqəddəs odun təməlini qoydu: ev mərasimlərini keçirmək üçün od, ümumi qurbanlar üçün od və şərab nəziri ayinin keçirmək üçün odun alınması onun adıyla bağlıdı.

Bu mərasimlərlə Pururavas qandharvlara məxsus sifət qazandı və yenidən sevgilisi Urvaşiyə qovuşdu. Amma deyirlər ki, yaşa dolduğu vaxtlarda qüdrətiylə öyünə-öyünə brahmanların əşyalarına tamah salıbmış və əsəbiləşmiş müdriklərin lənətlərini qazanmaqla Mənfəətin dediyi kimi, tamahkarlığının ucbatından ölübmüş.