Qış əhvalatı

Vikimənbə saytından
Qış əhvalatı
Müəllif: Şifahi xalq ədəbiyyatı
Səadət Hacıyeva: Bu əhvalatı mənə nənəm söyləyib
Mənbə: Səadət Hacıyeva (2017). Nanaylı-halaylı dünyam (az). "SkyG". ISBN 978-9952-440-08-05. 2017 tarixində istifadə olunub.

O vaxtlar hələ kənddə elektrik yox idi. Evlərdə çıraq yandırırdılar. Qışın uzun gecələrində məhəllə adamları bir evə yığışardılar. Nağıl deyər, söhbət eliyər, beləcə uzun qış gecələrini başa vurardılar. Kənddə evlər bir az yerdən qazılmış, bir-birinə bitişik olardı. Təndir qalayıb çörək yapanda təndirin külünü evin damına tökər, bərk-bərk tapdalayardılar ki, yağış yağanda dammasın. Bir məhəllədən digərinə keçmək üçün bəzən evlərin üstü ilə gedər, bilməzdilər ki, ayağının altındakı dam kimin evinin damıdır. Bir gün belə qış gecələrinin birində damların üstü ilə o biri məhəlləyə getmək istəyirdim ki, birdən ayağımın altındakı mərtək qopdu və mən guppultu ilə içəri düşdüm. Hər tərəf qaranlıq idi. Gözümü qaranlığa alışdıraraq qapını tapıb çıxmaq istədim. Bir də gördüm ki, əlində çıraq bir qadın qapını açıb içəri girdi. Mən tez yanımdakı ot səbətini qaldırıb altında gizləndim. Məqsədim qadın gedəndən sonra dalınca çıxıb getmək idi. Demə, düşdüyüm yer Milazgilin aşxanası imiş. Arvad əlindəki çırağı bir taxtın üstünə qoydu. Qoltuğundakı xonçanı da onun yanına. Taxtın qabağına da gətirib bir stol qoydu, çıxıb getdi. Səbətin arasından maraqla baxırdım. Bir də gördüm ki, həmin arvad bəzəkli-düzəkli bir qızı gətirib taxtda oturtdu və çıxıb getdi. Bir az keçmiş yaraşıqlı, belində xəncəri, ayağında xrom çəkmələri olan bir oğlan da gəlib qızın qarşısında oturdu. Başa düşdüm ki, bunlar nişanlıdır. Biz azdan qız naz ilə oğlandan soruşdu:
– Məni harda bəyəndin?
Oğlan həvəslə cavab verdi:
– Məhərrəmin toyunda ceyran kimi süzəndə bəyəndim. Bir qalx oyna, bir də baxım.
Oğlan çırtıq çalıb zümzümə etməyə başladı. Qız həvəslə qalxıb süzərək bir dairə vurub əyləşdi. Bu dəfə oğlan qızdan soruşdu:
– Bə sən məni harda bəyəndin?
Qız dedi:
– Elə Məhərrəmin toyunda at çapıb, qılınc oynadanda bəyəndim. Bir qalx, xəncərini oynat, bir də baxım.
Oğlan yerindən durdu. Xəncərini çəkib bir o yana, bir bu yana yüyürdü. Gizləndiyim səbətin üstünə cumanda elə bildim ki, səbəti doğrayacaq, vay mənim halıma. Bunu fikirləşməyimlə səbəti oğlanın üstünə tullamağım bir oldu.
– Vay, burda cin var, – deyib, – çığırışaraq qapıdan çıxdılar.
Eləmədim tənbəllik, xonçanı qoltuğuma vurub mən də bunların dalınca qaçdım. Beləcə eşik qapını taparaq ordan qaçdım. Evə gəldim. Xonçanı açdıq. İçində nələr yoxdu? Püsküllü şirniyyatlar, çərəzlər. Bax, o sinini – tərəkdəkini deyirəm. Görürsən ha, həmin xonçanın sinisidi. İndiyənə kimi qalır.
Səhər kəndə xəbər yayıldı ki, Milazgilin aşxanasında cin var. O olar, bu olar, heç kəs qorxudan o aşxanaya tək getməzdi. Mən də xonçanı gətirdiyim üçün bu məsələnin üstünü vurmazdım. Hə, nə isə, bu da qış gecələrindəki əhvalatlardan biri idi.