Qıldı zülfün tək pərişan halimi xalin sənin

Vikimənbə saytından
Qıldı zülfün tək pərişan halimi xalin sənin
Müəllif: Məhəmməd Füzuli


Qıldı zülfün tək pərişan halimi xalin sənin,
Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?

Getdi başından, könül, ol sərvqəddin sayəsi,
Ağla kim, idbarə təbdil oldu iqbalin sənin.

Zinət üçün cism divarında etməzdim yerin,
Çəkməsəydi eşq can lövhində timsalin sənin.

Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,
Öldürər axır məni bir gün bu ehmalin sənin.

Qərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,
Arizuyi-xali-mişkinü rüxi-alin sənin.

Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,
Sınmadan səngi-məlamətdən pərü balin sənin.

Sayəvəş çoxdan, Füzuli xaki-payin yaslanır,
Budur ümmid ilə ki, bir gün ola pamalin sənin.