Qırmızı (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qırmızı Müəllif: Aşıq Alı |
Həzrət əmir bayram günü
Geyinib don qırmızı,
İsmayıla gəldi qurban
Töküldü qan-qırmızı.
Oxudu "İsmi-əzəm"i
Bağladı zülfüqarı,
Çaldı qılıncı Əntərə,
Oldu meydan qırmızı.
Buyurun mirzələrə
Belə yazsın yazını,
Öz-özünə fikr eyləsin
Xub danışsın sözünü.
Aşıq gərək püxtə olsun
Xam bilməsin özünü,
Girsin eşqin kürəsində
Pişsin büryan qırmızı.
Deyər Aşıq Alı uçub
Bu könlümün pərgarı,
Ustada qulluq etməyən
Kim olar xiridarı.
Mənnən bəhsə duran aşıq
Gəlsin dursun üz barı,
Sərraf mənəm, istiyirəm
Ləli-mərcan qırmızı.