Məzmuna keç

Qırmızı (divani, Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qırmızı (divani, Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Şahi-Mərdan əziz gündə,
Geyindi don qırmızı.
İsmayıla qurban gəldi,
Töküldü qan qırmızı.
Oxudu ismi-əzəmi,
Bağladı Zülfüqarı.
Əntərə vurdu qılıncı,
Oldu meydan qırmızı.

Buyursun mirzələri,
Belə yazsın yazını.
Əzəlindən fikr eyləyib,
Xub danışsın sözünü.
Aşıq gərək xam olmaya,
Puxda bilə özünü.
Girə eşqin kürəsinə,
Bişə büryan qırmızı.

Məmmədhüseyn qocalıbdı,
Uçub könül pərgarı.
Ustadından dərs alanın,
Mənalıdı xiridarı.
Mənimlə bəhs eyləyənlər,
Gəlsin olaq üzbarı.
Anlayaq mətahı nədi,
Açaq dükan qırmızı.