Məzmuna keç

Qırxlar əfsanəsi

Vikimənbə saytından
Rəvayətlər. Qırxlar əfsanəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişdə düşmən hücum edəndə qız-gəlini əlçatmaz, ünyetməz uca bir dağın başına yığarmışlar.

Günlərin birində düşmən yenə hücum edəndə qırx incəbel qızı dağın başına çıxarırlar. Aşağıda qızğın döyüş gedirdi. Atların kişnərtisindən, yaralıların iniltisindən qulaq batırdı. Savaş neçə gün, neçə gecə davam elədi. Düşmən güc gəldi, elin varı yağmalandı, növbə qızlara çatdı. Qızlarla düşmən arasında bircə addım qalmışdı. Qırx qız əlini göyə qaldırıb Tanrıdan mərhəmət diləyərək dedi:

– Ey ulu Tanrı, bizi düşmənə qismət edincə ya daşa, ya da quşa döndər.

Dua qurtaran kimi qırx incəbel qız kəkliyə çevrilir. Ancaq uçmaq cəhdi uğursuz olur. Qırx yağı əlini uzadıb onların ayaqlarından yapışıb pərvazlanmağa qoymur. Qırx xınalı kəklik Tanrıya yalvarıb:

– Ey Tanrı, sən bizi quşa çevirdin, bəs niyə düşmən əlində əsiryesir elədin?

Elə bu zaman kəkliklərin ayağından yapışmış yağılar kərtənkələyə çevrilirlər. Onların əl izləri isə kəkliklərin ayağında qalır. Deyirlər ki, o vaxtdan həmin yer Qırxlar adlanır.

Mənbə

[redaktə]