Məzmuna keç

Qızıl, gümüş, mis

Vikimənbə saytından
Rəvayətlər. Qızıl, gümüş, mis
Müəllif: Şifahi xalq ədəbiyyatı


Uzaq keçmişdə Mis adında hökmdar, onun da Gümüş adlı vəziri var imiş. Gümüş vəzir olsa da, mərifətdə, etibarda hökmdarı geridə qoyardı.

Günlərin birində o, qapısının döyüldüyünü eşidir. Gələnin qonaq olduğunu öyrənib, onu içəri aparır, qabağına cürbəcür yeməklər düzdürür. Yeməkdən sonra aralarında şirin söhbət başlanır. Söhbət əsnasında Gümüş qonağının qonşu Qızıl şah olduğunu, ov zamanı yol azıb bura gəldiyini eşidir.

Hökmdarı Misin Qızıla düşmən kəsildiyini, onun torpaqlarına göz dikdiyini bildiyindən narahat olmağa başlayır. Ancaq mətləbi açıb qonağa söyləyə bilmir. Çünki bu qonağı başdan etmək kimi başa düşülərdi. Ona görə də Gümüş nə olar-olar, deyib gözləməyə başlayır.

Deyərlər, yerin də qulağı var. Çuğul Qızılın vəzirə qonaq olduğunu Misə çatdırmışdı. Bundan sevinən hökmdar Gümüşü yanına çağırıb Qızılı ondan tələb edir.

Vəzir əyilib hökmdarın qarşısında torpağı öpüb cavab verir:

– Şah sağ olsun, düz iyirmi ildir ki, sənə qulluq edirəm. Bu günə qədər səndən heç nə istəməmişəm. İndi isə sənə yalvarıram, onu mənə bağışla, onu məndən istəmə.

Vəzirin yalvarışına məhəl qoymayan şah deyir: “Onu əldən ötürsəm, mənə səfeh deməzlərmi?! Sən də bir belə danışınca onu təslim etsəydin daha yaxşı olardı”.

Şahın tələbi qarşısında vəzir özünü itirsə də, inadından dönməyib deyir:

– Hökmdar, babadan qonaq xətirli saxlanıb bu yerlərdə. Qonağa xəyanət edənin qapısına xalq tikan əkibdi. El adətini ayaqlayıb, qonağı təslim edə bilmərəm.

Mis vəzirin bu cavabından qəzəblənir, cəlladı çağırır. Sonuncu dəfə vəzirdən Qızılı tələb edir. Deyirlər, ölüm qarşısında insanın dili çaşır. Ancaq vəzir çox cəsarətli çıxır, son sözlərini təmkinlə deyir:

– Hökmdar, mən sənin qarşında üzüağ xidmət etmişəm. Əgər günahkar övladımın başını istəsəydin, etiraz etməzdim. Görünür, bunlar əbəs imiş. Daha səndən heç bir təvəqqəm yoxdu. Öldür məni. Beş gün tez, beş gün gec. Onsuz da bir gün yaranan bir gün öləcəkdir.

Bundan sonra vəzir diz üstə çöküb, əllərini göylərə qaldırdı, ürəkdən gələn bir səslə dua etdi:

– Xudaya, məni öz dərgahına üzüağ apar!..

Gümüşün başsız qalmış ailəsi məsələdən hali olsalar da, qonağın yanında ah-nalə etməyib susmağı lazım bildilər. Qonağın ürə- yinə xal salmağı, evin kişisini onun ucbatından itirdiklərini bildirmək istəmədilər.

“Cidanı çuvalda gizlətmək olmaz!”. Qızıl da məsələdən hali olur. O, insan dəyanəti, qonağa ehtiram qarşısında özünü itirir. Başsız qoyduğu ailəni atıb getməyi şahlıq qüruruna, mənliyinə sığışdıra bilmir. Burda qaldıqca ailəyə fəlakət gətirdiyini də hiss edir. Vəziyyətdən çıxmaq üçün çarə axtarır. Nəhayət, bir gün əllərini göylərə tutub deyir:

– İlahi, mənim ucbatımdan bir ailə köməksiz, başsız qaldı. Bu dərdi çəkməkdən gül rəngim saralıb soldu. Sənə yalvarıram, elə et ki, başsız qoyduğum ailəyə təsəlli olum.

Söz ağzından qurtaran kimi o, qiymətli daş-qaşa çevrilir. Səxavətdə atasına oxşayan Gümüşün oğlu bu daş-qaşdan ovucovuc el-obaya paylayır. Sonra hökmdara xəbər yollayır ki, Qızılı bütün elin qarşısında ona təslim edəcəkdir.

Mis sevinib razılaşır. O, təbilləri çaldırıb bütün camaatı meydana topladır. Hər şeylə maraqlanan əyan arvadları qabaqda dayanır. Onlar intizarla Gümüşün oğlunun yolunu gözləyirlər.

Gümüşün oğlunun tək gəldiyini görən hökmdar qəzəblənir. Uca səslə soruşur:

– Bə Qızıl hanı?

– Görmürsən?

– Yox!

– Gözündə tor var, hökmdar! Gözlərini silib, əyan arvadlarının boyun-boğazına bax.

Mis bir şey başa düşməsə də, diqqətlə qadınlara baxmağa başladı. Arvadlarına acgözlüklə baxan əyanların nifrət dolu baxışlarına rast gələn Misin rəngi qızarmağa başladı. Elə bu zaman Gümüşün oğlunun sonuncu mühakiməsini eşitdi:

– Görürsənmi, o, səxavətlə cavab verdiyi üçün bu hala düşüb. Təəccüblənmə, arvadlar səxavəti, etibarı boyunlarında gəzdirir. Bəs sənin mənliyin hanı?

Sonuncu sözü eşidən Misin hikkəsindən rəngi tutulub boğulur. Deyilənə görə, o vaxtdan qızıl, gümüş, bir də mis rəngləri daşıdıqları hökmdarların adıyla çağırıldılar.

Mənbə

[redaktə]