Məzmuna keç

Qız cin

Vikimənbə saytından
Rəvayətlər. Qız cin
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi hər səhər dururmuş ki, atı qan-tərin içindədi. Bilir ki, atını cinlər minir. Gətirib yəhəri qırlayır. Səhərisi gəlir tövləyə ki, atın üstündə gözəl bir qız oturub. Kişi bunun üstünə sancaq taxıb gətirir evə. Başlayır bunu işlətməyə. Ancaq bu qıza nə deyirmişlərsə tərsinə eləyirmiş. Deyəndə “tez gəl” gec gəlirmiş. Deyirmişlərsə “gec gəl”, tez gəlirmiş. Görürlər ki, bu qız heç bir işi yarıtmır. Buna deyirlər ki, sən ancaq həyətbacanın zibilini təmizlə.

Bir gün qız küçədə bir uşağı aldadır, uşaq bunun sancağını çıxarır. Qız uçub qonur kişinin damına. Çağırıb kişiyə deyir ki, mən bütün dərdlərin dərmanını bilirəm, amma siz məndən heç nə soruşmadınız. Elə hey göndərdiz zibil təmizləməyə. Görüm həmişə zibiliniz bol olsun.

Qız bınları deyib yox olur. O gündən kişigilin nə işləri iş olur, nə də əlləri boş olur. Həyətlərinin zibili də həmişə dizə çıxır.

Mənbə

[redaktə]