Qız və cinlər padşahının oğlu
Rəvayətlər. Qız və cinlər padşahının oğlu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir kişi olur. Bunun da bir oğlu, bir arvadı. Oğlan evlənmək istəyir.
Atasına deyir ki, icazə ver, gedim bir qız tapım. Atası izin verir,
oğlan durub düşür yola. Gəlib bir meşəyə çıxır. Görür ki, meşənin
axırında bir mağara var. Mağaranın içində cinlər çalıb-oxuyurlar.
Oğlan cinin birini tutur, yaxasına iynə keçirib deyir:
– Mənə gözəl bir qız tap, səni buraxım.
Cin razı olur. Cin gedib, bir padşahın qızını qaçırıb gətirir. Oğlan gecəni burda qalır. Səhər dururlar ki, padşahın qoşunu meşəni mühasirəyə alıb. Cinlər deyir ki, sən burda qal, biz qoşunu qıraq. Cinlər padşahın qoşununu qırırlar. Padşah görür ki, qoşun qırılır, oğlana deyir:
– Qızımı sənə verməyə razıyam. Ancaq üç şərtim var.
Oğlan razı olur. Padşah deyir:
– Birinci şərtim: Ağrı dağından qoyun südü gətirməlisən. İkinci şərtim: həmin çobanın çomağını gətirməlisən. Üçüncü şərtim: o dağdan göy su gətirməlisən.
Oğlan durub düşür yola, gəlib çatır Ağrı dağına. Görür çoban yatır. Girir sürünün içinə süd sağsın, hər yandan səs-küy qalxır. Çoban oyanıb, oğlanı daşa çevirir.
Cinlər ha gözləyir, oğlan gəlib çıxmır. Durub Ağrı dağına gəlirlər. Görürlər ki, çoban yatıb bir daşın üstündə. Cinlər daşın altından bir şüşə götürürlər. Çoban oyanıb cinlərə yalvarır. Cinlər deyir:
– De görək, oğlanı neyləmisən?
Çoban deyir ki, oğlan altımdakı daşdır.
Cinlər deyir:
– Tez ol oğlanı dirilt. Yoxsa, şüşənin suyunu yerə töküb, səni öldürəcəyik.
Çoban bir lövh oxuyub daşa püflədi. Daş dönüb oğlan oldu. Onlar südü sağdılar, çobanın çomağını da alıb geri döndülər. Oğlan südnən çomağı gətirib verdi padşaha.
Oğlan yenidən düşür yola, gedir göy su gətirməyə. Gəlib çatır bir qalaya. Kəmənd atıb çıxır qalaçanın başına. Görür qalanın içində bir hovuz var, onun da ortasında bir ağac. Ağacın başında yatmış bir gözəl qız. Oğlan bir şüşənin boğazına bir ip bağlayıb atır suya. Su ləpələnəndə qız oyanır. Görür bir oğlandı. Soruşur ki, nə əcəb gəlibsən? Oğlan deyir ki, göy su aparmağa. Qız deyir:
– Sən əgər mənə cinlər padşahının oğlunu gətirsən, sənə göy su verərəm.
Sən demə, bu qız cinlər padşahının oğluna aşiq imiş. Oğlan razı olur. Gəlib bunu cinlər padşahına deyir. Cinlər padşahı oğlunu verir. Oğlan onu aparıb qıza verir. Qız çox sevinir. Oğlan qayıdıb, padşahın qızını götürür, üstünə iynə sancdığı cini də azad edib, evlərinə gəlir. Atası onlara yeddi gün, yeddi gecə toy edir. Şad-xürrəm yaşayırlar.