Qızların (Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qızların
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Axşamdan yağan qar çıxıbdı dizə,
Kəsilib bulaqdan yolu qızların.
Sənəyin doldurub qoyanda düzə,
Üşüdü barmağı, əli qızların.

Gözəllər yığılıb hamısı kəndə,
Sənəyin doldurub burdan ötəndə,
Şamaxı şəddəli gərdənbənd təndə,
Əyrimcədən keçər beli qızların.

Qurbani der: bu dərdləri biləsiz,
Qohum-qardaş yığılıban gələsiz,
Adna axşamında bəlgə qoyasız,
Kəsilə qovğası, qalı qızların.