Məzmuna keç

Qızlar (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qızlar (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Tovuzquşu kimi bəzənifsiniz,
Baxışdan dağların ceyranı, qızlar.
Elə baxıb könlüm evin dağıtma,
Olum o gözlərin heyranı, qızlar.

Dişləri incidir, dodaqlar şəkər,
Belə yarım olsa! – nə qəm, – nə kədər.
Tapmadım heç yerdə siz təki dilbər,
Gəzmişəm İranı, Turanı qızlar.

Sanki qızılgüldür, açmış yanaqlar,
İti xəncər kimi can alır gözlər.
Gəliniz vəd edək, düz çıxsın ilqar,
Valeh edirsiniz insanı qızlar.

Ox, yay yarasına yara demərəm,
Namərd gülləsindən heç vaxt sönmərəm.
Vurdu lap sinəmdən nazlı bir sənəm,
İncitməyin dərdli olanı, qızlar.

Şair Məmmədhüseynəm, özünüz bilin,
Qırmayın qəlbini bir əncam çəkin.
İztirab veribən çox incitməyin,
Aşkar odunuza yananı, qızlar.