Qızlar (Qaracaoğlan)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qızlar (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Yolum düşdü sizin elə,
Bulaq üstə duran qızlar!
Şana çəkib qara telə,
Birçəyini buran qızlar!

Mən qurbanam ala gözə,
Şəhdü şəkər, şirin sözə,
Hərdəm satıb işvə, qəmzə,
Aşığını yoran qızlar!

Səhər gəldim sizə sarı,
Artdı könlümün qubarı,
Dağlar qucdu Leyli yarı,
Yurdum oldu aran qızlar!

Ağladarsız, güldürərsiz,
Göz yaşımı sildirərsiz,
Axır məni öldürərsiz,
Yay-oxunu quran qızlar!

Mayılam yarın qaşına,
Olaydım onla aşına,
Qaracaoğlan başına
Yağdırırsız boran qızlar!