Məzmuna keç

Qızlardan kişilərə protesto

Vikimənbə saytından
Qızlardan kişilərə protesto
Müəllif: Cəfər Cabbarlı

Ay Baba, bu evdə oturmaq nədir?
Bizlərə zindan çətindir, çətin!
Bəs ki, özün yaxşı bilirsən bunu,
Haləti-nisvan çətindir, çətin!

Lap kişilər təngə gətirdi bizi,
Lobya, noxudvarı sanırlar qızı,
Ay Baba, bu əsrdə tapmaq düzü,
Sahibi-vicdan çətindir, çətin!

Qız döyülür, qız söyülür hər zaman;
Oldu qızın halı yamandan yaman!
Bəsdi daha, ay kişilər, əlaman!
Bizdə qala can çətindir, çətin!

Tanrı bizi qul yaradıbmı sizə?
Kim buyurub cövrü cəfa qıl qıza?
Böylə keçərsə, durarıq lap üzə,
Zülm ola hər an çətindir, çətin!

Altmışillik pəzəvəngin biri,
Heç özü bilməz ölüdür, ya diri,
Yeddi yaşında qızın olmuş əri,
Vallah, bu nisyan çətindir, çətin!

On iki yaşlı gözəl oğlan əgər,
Altmış il hey döyülə sərbəsər,
Altmışillik qarıya olmaz ər,
Çünki bu fərman çətindir, çətin!

Biz daha anlamışıq hər işi,
Zar olacaqdır əlimizdən kişi,
Dinsə, başından vurarıq biz şişi,
Olmasa insan, çətindir, çətin!

Biz nə qədər səbr eləyək zillətə,
Cövrü cəfavü ələmü möhnətə?
Haydı, qadınlar, çataq hürriyyətə!
Qalsa bu dövran, çətindir, çətin!

İndi xəbərdar edirik ərləri,
O yekəqurşaq, yekə peysərləri,
Xoşluq ilə açmasalar dərləri,
Sağ qala dərban, çətindir, çətin!

Özləri min yerdə çəkirlər səfa,
Bizlər üçün günbəgün artır cəfa,
İndi ki yoxdur kişilərdən vəfa,
Qaçmasaq ondan, çətindir, çətin!

Söyləməsək biz də uruslar kimi:
“Von kişi, burdan!” çətindir, çətin!