Məzmuna keç

Qəbul etmir tənqidi, edir üsyan

Vikimənbə saytından
Qəbul etmir tənqidi, edir üsyan! (1994)
Müəllif: RAUF CAVAD

Qəbul etmir tənqidi, edir üsyan!
Söyləsən səhvini qanmaz ki, insan?!

Niyə lazım, kimə lazım həqiqət?!
Bəlkə lazım bilək nədi mərifət?!
Etmiş kim əqlinə bunca həqarət?!
Düşünməzmisən nədi bu xəcalət?!
Kimə desiniz dərdini bu millət?!
Yoxmu insanda zərrə qədər vicdan?!

Kim nə olur olsun deyək, bizə nə?!
Olan olmuş deyək-keçək, bizə nə?!
Ağlayana baxıb gülək, bizə nə?!
Söyüləni biz də söyək, bizə nə?!
Yaltaqlanıb söz söyləyək, bizə nə?!
Yəni etmiyək həqiqəti bəyan?!

Bəlkə yaxasın buraxaq, xalq yatsın?!
Rahat olub kimsə yalanı satsın?!
Fəqir kimsəsizə kim atır-atsın?!
Məzlumların tapdanan haqqı batsın?!
İzin verməyək, söz bizi oyatsın?!
Məgər olmaz bir söz kiməsə dərman?!

O kim ki, sevməz hər saxta öpüşü?!
Xoşlayır kimlər yalançı gülüşü?!
Görsənirmi yalançının görnüşü?!
Kim qurur bu oyunu, bu döyüşü?!
Axı kim kimə verir pis söyüşü?!
Rauf, bu sözlər təhqir yoxsa güman?!
    ...Müəllif:Rauf Cavad