Məzmuna keç

Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi

Vikimənbə saytından
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi
Müəllif: Hacı Rza Sərraf
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Qəddimi peyvəstə qaşın əydi çövgan eylədi,
Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.

İstədi çəksin fələk hər ay başında mahi-nov,
Qaşların tərhin götürdü, əldə invan eylədi.

Xizrdən sərməşq alıbdır, yoxsa bu göz mərdümü
Bigünəh bu tifli-əşki qanə qəltan eylədi.

Gördü çün könlüm xədəngin həmdəmi-cansuzdur,
Can kimi bağrına basdı, munisi-can eylədi.

Canımı almaqda işvən qanıma qıldı kərəm,
Qanımı tökməkdə qəmzən canə ehsan eylədi.

Qanlıdır xalın deməkdə qanımı bildi həlal,
Nütfeyi-Qabildi, axır qanına qan eylədi.

Tiri-eşqin sinədən çıxmaz, məgər canım çıxa,
Can ilən əvvəldə böylə əhdü peyman eylədi.

Çəkmə zəhmət, dərdimin dərmanı yoxdur, ey təbib!
Kim mərizi-eşqə bu aləmdə darman eylədi?!

Bilmədim yarın iki surətlə bir tək xalı var,
Oynadım xalilə, yandım mən, o talan eylədi.

Çıxmamış canım deyin Sərrafa tez gəlsin, məni –
Bir kəmanəbru nişani-tiri-müjgan eylədi.