Məzmuna keç

Qəlbə təsir etsə əgər qüssə, qəm

Vikimənbə saytından
Qəlbə təsir etsə əgər qüssə, qəm
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Əhməd Cəmil


Qəlbə təsir etsə əgər qüssə, qəm,
Odlu göz yaşları yağdırar o dəm.

Tale üz döndərib yıxsa hər kəsi,
Ondan uzaq qaçar hətta gölgəsi.

Ruzigarda vəfa görməmişəm mən,
O, vəfa göstərər bəlkə nüdrətən.

Fələyin nöqtəsiz olur zərləri,
O, nərddə udmuşdur çox hərifləri.

Pəncü-yek oynamış yenə də fələk,
Ki, do-şeş atana hesablar do-yek.

Məni yaxşılıqla utandırmadan,
Pisliklə xəcalət edir hər zaman.

Acgöz bir qarışqa, dilsiz bir quşam,
Əsla qəfəs üçün doğulmamışam.

Bir quş caynağından ordu sınarmı?
Qarışqa gücüylə şəhr alınarmı?

Adətən, arılar vızıldar, ancaq,
İnsan arzularmı heç vızıldamaq?

Ayağıma zəncir vurubdur fələk,
Sancır hər halqası ilan ağzıtək.

Bu dəmir halqalar, dişsiz ağızlar,
Necə ki, ağızsız, dişli bir mişar.

Doğrayar meyvəli, göy budaqları,
Bax, eləcə kəsir buayaqları.

Bir dəmir həlqədir, yoxsa ac köpək?
Qapır baldırımı qudurmuş ittək.

Xaqani ahından duman yaratdı,
O duman yuksəlib, göylərə çatdı.

Fələyin pərdəsi yırtıldı bir baş,
Bütün sirrləri faş olundu, faş.

Lakin, iş bunlarla düzəlmir tamam,
Tək yaradan çəkir işlərə əncam.

Düşmən çox olsa da, ölüm gerçəkdir,
Hamısı torpağa çevriləcəkdir.