Qəlbimdə Nurdu, İlahi gözəllikdir Anam mənim
Qəlbimdə Nurdu, İlahi gözəllikdir Anam mənim (1995) Müəllif: RAUF CAVAD |
Ana, bu söz qarşısında diz çöküb əyilər insan,
Ana kəlməsi yaralı ürəyə, dərdlərə dərman.
Lay-lay deyəndir şirin körpəsinə, Pakizə Ana,
Hər ağlayanda bala, qəlbi yanandır, bizə, Ana.
Anasız anlar insana acı, dərd-qəmi yamandı,
Həyatı anlamağa, insana verilən Zamandı.
Ana edir tərbiyə, övlada verir düzgün ədəb,
Əzəldən kişilər mərd olub, Analar olub səbəb.
Tarix danışır-yazır keçmişdən, Hüseynin eşqindən,
Ana gətirib dünyaya kişini, pak sevgisindən.
Adəm Anasız böyüyüb, torpaqdan gəlib dünyaya,
Həyat bəxş edib ruha, İlahi, Ana da balaya.
İblis aldadıb körpə nəfsi, girib ilan donuna,
İlahi, Adəmi əfv edib, Zəhra Ana yoluna.
Ana əlləri şəfqət, hər an Əli dəysə gözümə,
Ağrı-acı çəkilər geriyə, nur gələr üzümə.
Dahiləri dahi qılan, ilham verən, Nur Anadır!
Hər dildə söylənilən şirin söz, vətən, Nur Anadır.
Ana sözü sevgi-ümid, Rauf məhəbbət verənim,
Qəlbimdə Nurdu, İlahi gözəllikdir Anam mənim!