Qəriblik (Varxiyanlı Aşıq Məhəmməd)
Görünüş
Qəriblik Müəllif: Varxiyanlı Aşıq Məhəmməd |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ahü-vay çəkibən, qan ağlamaqdan,
Dönübdü ciyərim qana, qəriblik!
Hayana baxıram bir kimsənəm yox,
Düşübdü yadıma ana, qəriblik!
Azarım çox olub ağrıyır başım,
Didəmdən tökülür al qanlı yaşım,
Yaxamı çürütdü zalım göz yaşım,
Gətirdi canımı cana qəriblik.
Aləm bilir ki, mən necə sərxoşam,
Bir tuti dilliyə mədhuş, bihuşam,
Ağzmdan od tutmuş səməndər quşam,
Qoydu məni yana-yana qəriblik.
Anam yoxdu başm açıb ağlaya,
Bacım yoxdu ürəyini dağlaya,
Torpaq gərək Məhəmmədi saxlaya,
Bəlkə gəldi yar bu yana, qəriblik.