Məzmuna keç

Qəzəl (Aşiq oldur kim, qılır canın fəda cananına)

Vikimənbə saytından
Qəzəl (Aşiq oldur kim, qılır canın fəda cananına)
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin hər kim ki, qıymaz canına,
Canını canana verməkdir kəmali aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.
Vəsl əyyamı verib canana can rahət bulan,
Yeydir ondan kim, salır canın ğəmi-hicranına.
Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən
Kim, yanar gördükdə şəm'in atəşi-suzanına.
Qanı ol eşq içrə kim, bənzər fənasi aşiqin
Feyzi-cavid ilə Xizrin çeşmeyi-heyvanına?
Eşq dərdinin dəvasi qabili-dərman deyil,
Tərki-can derlər bu dərdin mötəbər dərmanına.
Hiç kim canan üçün can verməyə laf etməsin
Kim, gəlibdir bu sifət ancaq Füzuli şanına.