Qaçaqlar/Birinci pərdə
Qaçaqlar Birinci pərdə Müəllif: Fridrix Şiller Tərcümə edən: Mehdi Məmmədov |
İkinci pərdə→ |
Birinci səhnə
[redaktə]F r a n s. Salamatsınızmı, ata? Rənginiz elə saralıb ki...
Q o c a M o o r. Salamatam, oğlum. Sən nə isə demək istəyirdin?
F r a n s. Poçt gəlmişdir... Leypsiqdən, bizim vəkilimizdən məktub var...
Q o c a M o o r (həyəcanla). Mənim oğlum Karldan xəbərmi var?
F r a n s. Hm, hm... Elədir! Amma mən qorxuram... Düzü, bilmirəm... Sizin səhhətiniz... Atacan, siz, doğrudanmı, özünüzü yaxşı hiss edirsiniz?
Q o c a M o o r. Balıq özünü suda hiss eləyən kimi!.. O mənim oğlum barəsindəmi məktub yazıb? Nə var ki, sən mənim üçün belə narahat olursan? Dalbadal mənim səhhətimi xəbər alırsan?
F r a n s. Deyirəm, əgər xəstəsinizsə, əhvalınız azca da olsa xarabdırsa, qalsın... Mən başqa vaxt gələrəm. (Yavaş səslə) Taqətsiz qocalar bu xəbərə dözə bilməz.
Q o c a M o o r. İlahi! İlahi! O nə xəbərdir?
F r a n s. Mənə icazə verin, əvvəlcə bir kənara çəkilib öz yolundan azmış qardaşım üçün göz yaşları töküm. Mən gərək dilimi kəsib onun haqqında bir kəlmə də olsun danışmaya idim, — Karl axı sizin oğlunuzdur; mən gərək onun rəzalətini həmişəlik gizlədəydim, — axı o mənim qardaşımdır. Amma nə edim ki, sizə sədaqət və itaət göstərmək mənim üçün daha əzəldir... Siz məni təqsirləndirməyin.
Q o c a M o o r. Ah, Karl, Karl! Əgər öz hərəkətlərinlə ata ürəyini necə didib-parçaladığını bilsəydin! Sənin barəndə eşitdiyim bir xoş xəbər ömrümü on il uzadıb məni cavanlaşdıra bilərdi... Amma fələyə nə deyim, — aldığım hər bəd xəbər məni bir addım daha qəbir evinə yaxınlaşdırır!
F r a n s. Onda, əlvida, biçarə qoca! Yoxsa elə bu gün sizin tabutunuzun üstünə yıxılıb saç yolacağıq.
Q o c a M o o r (kresloya çökərək). Getmə! Mənim onsuz da bir ayağım qəbir evindədir... Bəs Karl... Qoy bildiyini eləsin! Ata-babaların törətdiyi günahların cəzası üçüncü və dördüncü nəslə keçir... Qoy o öz əməlini tamam etsin!
F r a n s (məktubu cibindən çıxararaq). Siz vəkilimizi tanıyırsınızmı? Mən onu alçaq, yalançı, çirkin bir riyakar adlandıra bilmək üçün bir qolumun kəsilməsinə razı olardım. Lakin, heyhat, o, çox düz adamdır. Özünüzə toxtaq verin. Bağışlayın ki, məktubu oxumaq üçün sizə vermirəm. Burada yazılanların hamısını bilməsəniz, yaxşıdır.
Q o c a M o o r. Hamısını, hamısını! Qorxma, oğul, ölsəm, sən məni bu qocalıq zillətindən xilas etmiş olacaqsan.
F r a n s (oxuyur). "Leypsiq, bir may. Əziz dost! Sənin qardaşının hərəkətləri barəsində bütün bildiklərimi sənə yazmağı vəd etməsəydim, mənim günahsız qələmim sənin ürəyini neştərləməzdi. Mənə göndərdiyin məktublardan bilirəm ki, belə xəbərlər sənin qardaş ürəyini parçalayır. Mən artıq görürəm ki, sən bu murdar, əxlaqsız qardaşın üçün acı göz yaşları axıdırsan..."
Görürsünüzmü, atacan, mən hələ məktubun yaxşı yerlərini oxuyuram... "acı gözyaşları axıdırsan..." Ah, budur, onlar odlu seylab kimi mənim yanaqlarımdan axır. "Mən artıq görürəm ki, sənin qoca möhtərəm atan rəngi meyit kimi ağarmış halda..." Pərvərdigara! Siz məktubun yarısını dimləməmiş, doğrudan da, ağardınız!
Q o c a M o o r. Sonra! Sonra!
F r a n s. "... Meyit kimi ağarmış halda kresloya düşür, "ata" sözünü ilk dəfə eşitdiyi günə lənətlər yağdırır. Mən hamısını öurənə bilmədim. Odur ki, ancaq mənə bəlli olan bu cüzi məlumatı sizə xəbər verirəm. Sənin qardaşın, görünür həyasızlığın son pilləsinə çatmışdır. Elə bir bəd əməl qalmayıb ki, o tutmamış olsun. Odur ki, mənə bir şey fikirləşib əlavə etmək lazım gəlmir, ancaq, bəlkə də, onun ağlı mənimkindən üstün olacaqdır. Dünən gecə qırx min dukat borc eləyib..." Cibxərcliyi üçün az pul deyil, ata! "... Bundan qabaq isə varlı bir bankirin qızını zorlayıb və qızın pərəstişkarını, şəhərin adlı-sanlı cavanlarından birini dueldə öldürüb, yolsuzluğa qurşanmış yeddi yoldaşını da özü ilə bərabər götürüb divan əlindən qaçmışdır". Ata! Allah xatirinə, atacan! Sizə nə oldu?
Q o c a M o o r. Bəsdir. Daha oxuma, oğlum!
F r a n s. Bitirirəm. "Onun arxasınca təcili fərman göndərilmişdir... Təhqir olunan adamlar cəza və intiqam tələb edirlər... Moor nəslinin şərəfi..." Yox! Qoy mənim dilim qurusun, təki atamın ölümünə bais olmasın. (Məktubu tikə-tikə edir.) Məktuba inanmayın, ata! Bir kəlməsinə də inanmayın!
Q o c a M o o r (acı-acı ağlayır.) Mənim adım! Mənim təmiz adım!
F r a n s (onun sinəsinə yıxılır). Lənət, min lənət, Karl! Mən onun belə olacağını hələ uşaqlıqdan duymurdummu? Biz ruhumuzu dualarla təskin edərkən o cani Allah evindən zindandan qaçırmış kimi qaçır, qızların dalınca sürünür, küçə uşaqlarını, dələduz və avaraları başına yığıb dağları, düzləri gəzərdi, sizdən yalvarıb aldığı pulları rastına düşən hər bir dilənçinin papağına doldurardı. O, müqəddəs kitabları bir yana atıb Yuli Sezarın, Böyük İskəndərin və belə-belə kafir bütpərəstlərin tərcümeyi-halını oxuyanda məgər onun belə olacağını mən əvvəlcədən duymurdummu? Mən hələ o vaxtlar sizə dəfələrlə deyirdim, — çünki qardaş məhəbbəti mənim qəlbimdə həmişə oğulluq borcu ilə yaşayırdı, — deyirdim ki, bu oğlan bizi rüsvayi-cahan edib axırımıza çıxacaq. Ah, kaş o, Moor nəslindən olmaya idi! Kaş mənim ona bəslədiyim məhəbbət cüzi olaydı! Bu məhəbbət bir qəbahət, bir günah kimi mənim vicdanımdan asılmışdır, və axırda Allah dərgahında mənə qarşı ağır bir ittihama çevriləcəkdir.
Q o c a M o o r. Ah, mənim ümidlərim! Mənim gözəl xəyallarım!
F r a n s. Onların hamısı puç oldu. Məni yandıran da budur. O zaman hey deyirdiniz ki, bu uşağın qəlbində elə bir od var ki, ülviyyət və gözəlliyi ona duydurur, onda elə bir səmimiyyət var ki, ürəyini gözlərində güzgüdə olan kimi əks etdirir; onda bir həssaslıq vardır ki, o, yüzillik palıdların zirvəsinə dırmanır, dərin xəndəklərin, hündür divarların, güclü sellərin üstündən ötüb-keçir; uşaq qəlbindəki bu qürur, bu qırılmaz inad sevimli oğlunuzun könlündə rişə salmış, qeyri belə-belə gözəl, xeyirxah keyfiyyətlər — düşünürdünüz ki, zaman keçdikcə bu keyfiyyətlər ondan misilsiz bir vətəndaş, qəhrəman böyük çox böyük bir insan yetirəcəkdir! İndi baxın, ləzzət aparın, ata! Görün onun odlu qəlbi böyüyüb necə qol-budaq atmış, nə şirin bar gətirmişdir! Baxın, ləzzət aparın, görün ki, o səmimiyyət — həyasızlığa, həssaslıq və nəvaziş isə işvəkar qadınlarla mazaq vasitəsinə çevrilmişdir, hər hansı bir Frinanın gözəlliyinə necə də vəcdlə pərəstiş edir. Onun odlu qəlbi altıca ilin ərzində öz həyat işarəsini görün necə də yandırıb qurutmuşdur. Karl öz cismindən çoxdan ayrılmış və artıq yer üzündə bir kölgə kimi gəzməkdədir, ona baxan bəzi adamlar isə utanmaz-utanmaz "C'est l'amour qui a fait ça" (1) deyirlər. Bəli, bu cəsur, işgüzar zəka indi elə tədbirlər tökür, elə əməllərdən çıxır ki, onların qarşısında Kartuşların, Hovardların mərdliyi və rəşadəti dərhal sönüb gedir. Baxın, ləzzət aparın. Hələ bu harasıdır. Hələ oğlunuz boya-başa yetəcək və sizi xoşbəxt edəcəkdir! Ola bilər və zaman gələr ki, siz onu xəlvət və sakin meşələrdə məskən salıb yoldan ötənlərin yükünü yüngülləşdirən bir ordunun başında görərsiniz! Ola bilər ki, siz hələ bu dünyadan köçməmiş onun yerlə göy arasında özü üçün dikəltdiyi abidəni ziyarətə gedərsiniz! Hər şey ola bilər... Ah, ata, ata, ata! Adınızı dəyişdirin, yoxsa oğlunuzun şəklini Leypsiq bazarında görən bütün alverçilər, bütün küçə uşaqları sizi barmaqla göstərəcəklər.
Q o c a M o o r. Sən də mi, mənim Fransım? Sən də mi? Ah, mənim insafsız balalarım! Siz ata ürəyinə görün necə dağlar çəkirsiniz!
F r a n s. Görürsünüzmü ki, sözlərim iti bir xəncər, əqrəbin zəhərli neştəri kimi sizi ağrıdır... Nə etmək, siz həmişə məni "quru, soyuq, sərt və kobud" hesab etmisiniz. Dizinizin üstündə əyləşib üzünüzü cırmaqlayan Karla baxdıqca bizi müqayisə edib məni belə adlandırmısınız, — eyib etməz, Frans öz doğma xanimanında bir bucaqda ölüb gedər. Onu hamı unudar. Sizin o dahi oğlunuzun şöhrəti isə gün çıxandan gün batana qədər yayılır! Böyük Yaradan! (Əllərini dua üçün qaldırır.) Soyuq, quru və kobud Frans Sənə şükürlər edir ki, öz qardaşı Karla bənzəmir!
Q o c a M o o r. Bağışla məni, oğlum! Ümidləri puç olmuş atana acıqlanma! Karlın əməlləri üçün məni gözyaşları tökməyə məhkum edən Allah sənin əllərinlə o yaşları siləcəkdir, mənim əziz Fransım!
F r a n s. Mən o gözyaşlarını qurudaram, ata. Sizin ömrünüzü uzatmaq üçün mən öz ömrümü, öz canımı qurban verməyə hazıram. Sizin həyatınız — mənim üçün, mənim bütün işlərimin düzgün və uğurlu olduğunu yoxlamaq üçün bir istixarədir; o hər şeyi mənə gün kimi aşkar göstərən bir güzgüdür. Məndən ötrü elə bir arzu, hətta elə müqəddəs bir vəzifə ola bilməz ki, əziz canınız üçün onlardan vaz keçməyim. Siz mənə inanırsınızmı?
Q o c a M o o r. Sənin başqa, daha böyük vəzifələrin olacaqdır, mənim balam. Nə yaxşı ki, sən varmışsan. Allah səni mənə çox görməsin.
F r a n s. Atacan, siz oğlunuza, Karla oğul deməsəydiniz, daha xoşbəxt olmazdınızmı?
Q o c a M o o r. Sus! Ah, sus! Mamaça onu anadan oluğu gün ilk dəfə mənə göstərəndə onu qollarım üstündə yuxarı qaldırıb dedim: "Mən dünyada ən xoşbəxt adamam!"
F r a n s. Elə dediniz, lakin elə olmadı. İndi siz ən miskin bir kəndlinizə də paxıllıq edirsiniz ki, o, belə oğlun atası deyildir. Nə qədər bu oğul sizindir, dərdiniz kəm olmayacaqdır. Bu dərd Karlla bərabər böyüyəcək, sizin ömrünüzü çürüdəcəkdir.
Q o c a M o o r. Ah, bu dərd artıq məni səksən yaşlı qocaya döndərmişdir!
F r a n s. Onda... Belə bir oğuldan üz döndərsəniz, onu oğulluqdan çıxartsanız, nə olar?
Q o c a M o o r (diksinir). Frans! Frans! Sən nə danışırsan?
F r a n s. Məgər bütün bu dərd-bəlanın səbəbi ona bəslədiyiniz məhəbbət deyilmi? Bu məhəbbət olmasa, o da yox deməkdir. Bu uğursuz, məlun məhəbbət yoxdursa, demək, o da ölmüşdür və heç zaman doğulmamışdır. Bizi ata və övlad edən nə qandır, nə bədən — yalnız ürəkdir. Onun məhəbbətini ürəyinizdən çıxartsanız, bu vələdüzzina sizin belinizdən gəlmiş olsa da, sizin oğlunuz deyil. Bu vaxtadək o sizin üçün göz bəbəyi idi. Lakin müqəddəs İncildə deyilib: "Gözün səni aldadıb yaman yola aparırsa, onu çıxart at". İki gözlə cəhənnəmə vasil olmaqdansa, tay gözlə cənnətə varid olmaq yaxşıdır. Pis övladla bərabər cəhənnəmə yollanmaqdansa, övladsız Allah dərgahında göylərdə olmaq məsləhətdir. Bu məsləhəti Yaradan Özü vermişdir!
Q o c a M o o r. Sən istəyirsən ki, mən öz oğlumu lənətlə oğulluqdan çıxarım?
F r a n s. Əsla, əsla! Onu lənətləməyə ehtiyac yoxdur! Axı siz oğul kimə deyirsiniz? Sizdən həyat alan, indi isə sizin həyatınızı qısaltmağa çalışan bir insamamı oğul deyirsiniz?
Q o c a M o o r. Ah, sən haqlısan, haqlısan! Mən Allahın qəzəbinə düçar olmuşam! Allah onun əli ilə mənə cəza verir.
F r a n s. Göz bəbəyi hesab etdiyiniz bu adamın sizə göstərdiyi rəftara bir baxın! Siz ona rəhm edirsiniz, o sizə cəllad kəsilir. Siz ona məhəbbət göstərirsiniz, o sizin qəniminiz olur, siz ona ürəyinizi verirsiniz, o isə Əzrayıl kimi sizin canınızı almaq istəyir, çünki siz olmazanız, o bu torpaqların sahibi və öz murdar ehtiraslarının sultanı olacaqdır. Siz onun ehtiraslarına sədd çəkirsiniz. Özünüzü onun yerinə qoyun! Əlbəttə, o öz atasının, öz qardaşının ölümünü istəyəcək. Çünki onlar bu əxlaqsızlıq yolunun üstünü kəsmişlər. Deyin, məhəbbətə qarşı məbəbbət beləmi olar? O sizin ömrünüzün hər on ilini özünün bircə dəqiqəlik şəhvətinə qurban verirsə, nəslimizin yeddi əsr boyunca ləkə görməmiş təmiz adını, şərəfini qumara qoyursa, buna nə ad vermək olar? Ata lütfünə qarşı oğul beləmi təşəkkür edər? Belə adamı siz oğulmu adlandırırsınız? Cavab verin onu özünüzə oğul bilirsinizmi?
Q o c a M o o r. Nankor övladdır! Ah, amma, hər halda, mənim oğlumdur.
F r a n s. Oğlumdur! Əcəb oğuldur ki, bütün fikri-zikri tez yetim qalmaqdan ibarətdir. Siz bunu axı nə vaxt anlayacaqsınız?! Gözlərinizi tutan bu pərdə nə vaxt açılacaqdır?! Axı ona qarşı bəslədiyiniz bu kor mərhəmət onu əxlaqsızlıq girdabına yuvarlandırır, hərəkərlərinə göz yummanız isə onu qudurdur və doğruldur. Beləliklə, onun başının üstünü kəsmiş lənət və nifrəti ondan uzaqlaşdırır, lakin öz üstünüzə, ata, öz üstünüzə yağdırırsınız.
Q o c a M o o r. Elədir, haqlısan. Mən günahkaram! Günah məndədir!
F r a n s. Minlərlə insan övladı nəşə badəsini dadandan sonra öz günahlarını əzab və məşəqqət bahasına təmizləmişdir. Məşəqqət və məhrumiyyətin doğurduğu xəstəlik və şikəstlik məgər Allahın Öz iradəsi ilə doğmurmu? Bəndə nə ixtiyarla rəhmdillik edib Allah iradəsinə qarşı dura bilər? Ata olan kəs nə ixtiyarla Tanrı əmanətini əbədilik məhv edə bilər? Düşünün, ata: siz, heç olmasa, bir müddət ondan əl üzüb onu ehtiyac içərisində buraxsanız, o məcbur olub doğru yola qayıtmazmı və islah olmazmı? Əgər bədbəxtlik və ehtiyac da pis oğul üçün ibrət dərsi olmasa, vay o atanın halına ki, övlada kömək əli uzatmaqla Tanrı hökmünü pozmuş olsun! İndi nə deyirsiniz, ata?
Q o c a M o o r. Mən ona yazacağam ki, artıq ona heç bir köməklik etməyəcəyəm.
F r a n s. Bu düzgün və ağıllı qərardır.
Q o c a M o o r (mülayim). Əlbəttə, islah olunandan sonra yenə qayıda bilər.
F r a n s. Yaxşı, çox yaxşı! Birdən o, riya donu geyib bura qayıdarsa, göz yaşları və yalvarışlarla ürəyinizi yumşaldar və siz də onu bağışlarsınızsa, sabah isə yenə əxlaqsız qadınların qoynuna girib sizi ələ salarsa, onda nə olsun?.. Yox, yox, ata! Siz onu qaytarmaq haqqında düşünməyin. Qoyun cəzasını axıra qədər çəksin. Vicdanı paka çıxanda o özü bura qayıdar.
Q o c a M o o r. Mən ona eləcə də yazara.
F r a n s. Dayanın! Bir sözüm də var, atacan! Siz onsuz da hiddətlənmisiniz, qorxuram, çox sərt sözlər yazaraq onun qəlbini parçalayarsınız. Bir də öz dəst-xəttinizlə məktub yazmağınız onu əfv etməyə bərabər deyilmi? Bu işi mənə tapşırsanız, daha yaxşı olmazmı?
Q o c a M o o r. Yaxşı, oğlum! Ah! Mənim ürəyim elə, doğrudan, partlaya bilər. Məktubu ona sən yaz.
F r a n s (tələsik). Deməli, razısınız?
Q o c a M o o r. Ona yaz ki, qanlı göz yaşlarım, saysız-hesabsız və yuxusuz gecələrim... ancaq elə yaz ki, oğlum inciməsin!
F r a n s. Bir az uzanıb dincəlin, atacan. Bu əhvalat sizi üzçüşdür.
Q o c a M o o r. Ona yaz ki, atanın ürəyi... Ancaq yenə deyirəm: elə yaz ki, oğlum ümidsizliyə qapılmasın! (Qəmgin halda gedir.)
F r a n s (gülə-gülə onun ardınca baxır). Arxayın ol, qoca! Sən daha heç vaxt onu bağrına basa bilməyəcəksən! Cəhənnəm cənnətə qovuşa bilmədiyi kimi o da sənə qovuşmayacaqdır. Sən heyifsilənməyə macal tapanacan o, artıq sənin sinəndən qoparılmışdır. İstəkli oğlu ata ürəyindən zəncirlə bağlanmış belə olsa, çəkib qopartmasaydım, özümü miskin bir oyunçu hesab edərdim. Mən səni elə bir tilsimə salmışam, dövrənə elə əfsunlu xətt çəkmişəm ki, o heç vaxt sənə yaxın düşə bilməyəcəkdir. Uğur olsun, Frans! Qocanın sevimli oğlu aradan çıxdı — meydan açıqdır! Bu kağız parçalarını yığışdırmaq lazımdır, yoxsa xəttimi görüb tanıyan olar. (Cırılmış məktubun parçalarını yığır.) Bu dərd qocanı tezliklə öldürər. Qaldı Amaliya... mən Karlı qızın da ürəyindən çıxararam, onun həyatının yarısı bahasına da olsa, kəsib çıxararam. Mənim təbiətdən narazı olmağa ixtiyarım vardır. Namusuma and olsun ki, mən bu ixtiyardan istifadə edəcəyəm. Nə üçün ana bətnindən birinci mən çıxmadım? Nə üçün mən yeganə oğul olmadım? Nə üçün təbiət məni bu qədər eybəcər yaratmışdır? Məhz məni? Elə bil, mən doğulanda o müflis olmuş, bütün nemətləri əlindən getmişdir. Bu lapland burnu, bu zənci dodaqları, bu qottentot gözləri nə üçün elə mənə qismət olmuşdur? Elə bil, təbiət bütün irqlərdən artıq qalmış iyrənc tikə parçaları bir yerə yığıb qarışdırmış və məni belə xəmirdən yoğurmuşdur. Lənət, min lənət! Nə haqla yaramaz təbiət bütün nemətlərini ona vermiş, məni isə hər şeydən məhrum etmişdir? İnsan hələ doğulmamışdan əvvəl təbiətdə özünə qarşı rəğbət oyada bilərmi? Yaxud dünyaya gəlməmişdən əvvəl təbiəti incitmək mümkündürmü? Yox, yox! Mən öz şikayətimdə ədalətsizəm. Təbiət bizi miskin və çılpaq halda sonsuz həyat ümmanı sahilinə atarkən bizə ağıl vermişdir. Üzə bilən üzsün, kim acizdirsə — boğulsun! Həyat dənizinə atılarkən mən təbiətdən heç bir kömək görməmişəm, nə əldə edəcəyəmsə, öz qolumun gücünə edəcəyəm. Aza da, çoxa da hamının haqqı bərabərdir. Bu dünyada tələb tələblə, arzu arzu ilə, qüdrət qüdrətlə toqquşub vuruşur. Haqq qələbə çalanındır, qanun isə bizim üçün qüvvələrimizin hüdudundan başqa bir şey deyildir.
Doğrudur, dünyanın nəbzini işlətmək üçün insanlar tərəfindən uydurulmuş və guya, hamı tərəfindən qəbul olunmuş məfhumlar vardır. Məsələn, təmiz ad!.. Bu elə qiymətli bir sikkədir ki, yaxşı alver edən üçün böyük qazanc gətirə bilər. Vicdan deyilən şey sərçələri gilənar ağacından qovmaqdan ötrü bir uyuq, yaxud müflisləri bəladan qurtarmaq üçün məharətlə düzəlmiş bir vekseldən başqa bir şey deyil.
Söz yox, tərifə layiq məfhumlardır! Bunlar ancaq axmaqları aldatmaq, qara camaatı təpik altında saxlamaq, ağıllıların isə əl-qolunu açmaq üçün lazımdır. Zarafat bir yana — məzəli anlayışdır! Onlar mənə bizim kəndlilərin öz tarlasına çəkdiyi çəpərləri xatırladır. Onlar tarlanı çəpərə alır ki, Alah eləməmiş, birdən dovşan-zad gəlib keçər. Onlar dovşana çəpər çəkir! Bu yandan ağa atını mahmızlaya-mahmızlaya düz əkinin ortasından ötür. Yazıq dovşan! Bu dünyada dovşan olmaq miskin taleli olmaq deməkdir! Lakin bu dünyada dovşan da lazımdır. Ağaya lazımdır.
Xülasə, bütün çəpərlər üzərindən cəsarətlə tullanmaq gərəkdir! Heç nədən qorxmayan adam — hamının qorxduğu adamdan az güclü deyildir. İndi toqqalı şalvar geymək dəbdədir. İstədiyin vaxt toqqanı boşalda da bilərsən, bərkidə də. Biz vicdanı da dəbə görə təzə çeşnidə tikdiririk ki, kefimiz istəyəndə onu daralda və genəldə bilək! Bizdə nə günah? Dərzilər belə tikir! Bu qan sevgisi, qohumluq məhəbbəti haqqında mən o qədər yalan-palan eşitmişəm ki, onları namuslu axmaqardan biri eşitsəydi, başı gicəllənərdi. Deyirlər: "Bu sənin qardaşındır!" Yəni, bu o deməkdir ki, özü səni çıxardığı sobadan çıxıb, buna görə də o sənin üçün... müqəddəs olmalıdır. Bu qiyas bəhsinə, bu xülasəyə bir fikir verin. Bədənlərin qonşuluğundan, ruhların ahəngindən, bətnin birliyindən, guya, ümumi hisslər, bir süddən isə eyni meyillər yaranır. Ya da deyirlər: "Bu sənin atandır! O səni bu dünyaya gətirmişdir. Sən onun belindən gəlmisən, buna görə də o sənin üçün... müqəddəs olmalıdır". Bu da çox qəribə xülasədir. Soruşuram, o nə üçün məni bu dünyaya gətirmişdir? Bunu ki mənə bəslədiyi məhəbbət xatirinə etməmişdir, axı mən o vaxt hələ yox idim. Məgər o məni əkib-becərməzdən əvvəl tanıyırdı? Ya o məni indi olduğum kimi yaratmaq istəyirdi? Ya mənim necə olacağımı bildiyi üçün məhz məni yaratmaq istəyirdi? Ümidvaram ki, yox: əks təqdirdə məni bu dünyaya gətirdiyi üçün onu tənbeh etməli olacaqdım. Bəlkə, mən kişi doğulduğum üçün ona təşəkkür etməliyəm? Yaxud əgər qadın doğulsaydım, şikayətlənməli idim — bunların hər ikisi mənasız olardı! Mənim "mən"imə hörmətə əsaslanmayan məhəbbəti məhəbbət hesab edə bilərəmmi? Burada isə mənim "mən"imə hansı hörmətdən bəhs etmək olar ki, bu "mən" özü səbəb olmalı ikən çirkin bir işin nəticəsi kimi doğulmuşdur. Bu işdə isə mən bir qüdsiyyət görmürəm. Yoxsa, nəticədə mənim meydana çıxardığım iş müqəddəs hesab edilməlidir? O ki heyvani hisslərin heyvani təminindən başqa bir şey deyildir. Ya, bəlkə, bu işin nəticəsi müqəddəsdir? Bu bizim yaxın adamlarımız üçün təhlükəli olmasaydı, bu işdən həvəslə xilas olardıq. Yaxud atam məni sevdiyi üçün mən onun şöhrətini göylərə qaldırmalıyam? Əslində, bu sevginin özü — bir şöhrətpərəstlikdir; yaratdıqları əsər çirkin olanda belə lovğalanan bütün sənətkarlara məxsus bir qüsurdur. Budur, insanların qorxaqlığından istifadə üçün sizin qüdsiyyət dumanlarına bürüyüb işə vermək istədiyiniz cadugərlik bundan ibarətdir. Bunu bilə-bilə axmaq və aciz uşaq kimi mən də yedəkdə gəzə bilərəmmi?
Cəld ol! Cəsarətlə işə giriş! Hakimiyyət yolunda bitən bütün maneələri mən kökündən çıxarıb atacağam. Mən hakim olacağam və xoşuqla əldə edə bilmədiyimi zorla qoparıb alacağam. (Gedir.)
İkinci pərdə
[redaktə]K a r l M o o r (kitabı örtür). Qədim qəhrəmanlar haqqında Plutarxın yazdıqlarını oxuyanda mən bu istedadsız cızmaqaraçılar əsrinə nifrət edirəm.
Ş p i g e l b e r q (onun qarşısına bir stəkan qoyur və yenə içməkdə davam edir). Sən İosif Flavinin əsərlərini oxusan, yaxşı olar!
K a r l M o o r. Prometeyin göylərdən gətirdiyi parlaq qığılcım sönmüşdür. Onun əvəzinə indi plaun tozundan, teatrlarda işlədilən bu oddan istifadə edirlər, halbuki bu yalançı odla bir çubuq belə çəkmək mümkün deyildir. Adamlar başını itirib, siçanlar Herkulesin çomağında qaçışan kimi onlar da oyan-buyana qaçır, vurnuxur və bu pəhləvanın hansı toxumdan yarandığını, hansı şirə ilə qidalandığını öyrənmək üçün baş sındırırlar. Axmaq bir fransız keşişi deyir ki, Böyük İsgəndər aciz bir qorxaq imiş, hər kəlməbaşı burnuna naşatır flakonunu tutan vərəmli bir professor qüvvə və qüdrət haqqında mühazirə oxuyur. Uşaq-muşaqlar Hannibalın taktikasını tənqidə cəhd göstərirlər; ağzından süd iyi gələn körpələr Kanna yaxınlığındakı döyüş haqqında bir-iki söz öyrənib Ssipionun zəfərlərindən danışır və şikayətlə ah-uf edirlər.
Ş p i g e l b e r q. Demək istəyirlər ki, onlar da böyük əziyyət çəkir, alimlik edirlər.
K a r l M o o r. Döyüş meydanlarında tər tökən ərlər! İndi gimnaziyalar sizə məskən olmuşdur: sizin ölməz əməllərinizi isə tənbəl məktəblilər bir yük kimi ufuldaya-ufuldaya öz çantalarında gəzdirirlər! Budur sizin ənamınız! Nürnberq alverçiləri öz qoğallarını sizə büküb satır, bəxtiniz gərəndə isə, franzıs dramaturqları sizi səhnəyə çıxarıb kukla kimi oynadırlar. Budur axıtdığınız qanların, aldığınız yaraların mükafatı! Böyük mükafatdır, ha-ha-ha!
Ş p i g e l b e r q (içir). Sən mən deyən kimi elə, İosifin yazdığını oxu.
K a r l M o o r. Bu aciz xadimlər əsrini görüm lənətə gəlsin... O, keçmiş dövrərin rəşadətini çeynəməkdən, qədim qəhrəmanlar haqqında naqqallıq etməkdən, tragediyalar quraşdırmaqdan başqa heç nəyə qadir deyil. Onun beli gücdən düşmüş, toxumu kəsilmişdir. İndiki adamları pivə mayası ilə mayalayırlar.
Ş p i g e l b e r q. Yox, çayla, əzizim, çayla!