Məzmuna keç

Qabaqda (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qabaqda (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.

Neçə taxt qurulub nuri-münəvvər,
Neçəsi zəbərcəd, neçəsi gövhər!
Sağda, solda səf-səf yerir mələklər,
"Ya hu!", "ya hu!" deyir qulu qabaqda.

"Ya hu!", – deyib, bir-birinə uydular,
"Ya mən hu!" deyəndə taam qoydular,
Cümlə məxluq yemədilər, doydular,
Qaldı məcməyilər dolu qabaqda.

Neçə sirri gördüm, sirr qaldım aşkar,
Səxavət əhlini yandırmadı nar.
Salavatla işlər hər dükan, bazar,
Zay oldu dünyanın malı qabaqda.

Dünyada əl çəkmə sövmü-səlatdan,
Təmiz ver, qalmasın xümsü-zəkatdan.
Ələsgər, xof etmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda.