Qabusnamə
Qabusnamə (1082-1083) Müəllif: Ünsürülməali Keykavus |
Həmçinin baxın: Haqqında • |
Müqəddimə
[redaktə]Bu kitabı tərtib edən əmir Ünsürülməali Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar Mövla əmirəlmöminin öz oğlu Gilanşaha belə deyir: "Ey oğul, bil və agah ol ki, mən artıq qocalmışam. Qocalıq və zəiflik məni əldən salmışdır. Saç-saqqalıma çəkilmiş ağ xətlərin ölüm fərmanı olduğunu görürəm və heç kəs bu fərmanı pozacaq qüdrətə malik deyildir. Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında gördükdə belə qərara gəldim ki, köç naməsi mənə çatmamış, mən sənə bir namə yazım, orada dünyanın yaxşı və pis işlərini, dövranın düz və gəc gərdişini təsvir edim, fürsət ikən özümdən sonra bir ad qoyum, atadan oğula yadigar olsun. Ey oğul, zəmanə səni yumşaltmamış, sən öz ağlının gözləri ilə mənim sözlərimi oxu və ona əməl et, onda sən xoşbəxt olarsan, hər iki dünyada (həm sağlıqda, həm öldükdən sonra) yaxşı ad qazanarsan. Amandır, sən çalış bu kitabda deyilənlərə qulaq as. O zaman mən atalıq borcumu yerinə yetirmiş olaram. Sən mənim dediklərimdən yaxşı fayda götürə bilməsən də, elə adamlar tapıla bilər ki, onlar dəyərli sözlərə qulaq asıb, ona əməl etməyi qənimət sayarlar. Hərçənd zəmanə belə gətirib ki, heç bir övlad atasının nəsihətinə qulaq asmır, gənclərin qəlbində elə bir qəflət atəşi var ki, onlar qocalardan daha çox bildiklərini güman edirlər. Mən bunları bilsəm də, atalıq məhəbbəti məni susmağa qoymur. Odur ki, xoşuma gələn, təbiətimə uyğun olan sözləri toplayaraq fəsillərə ayırdım, daha qısa və layiq olanları bu kitaba köçürdüm. Əgər əməl etsən, çox gözəl, etməsən, mən atalıq vəzifəmi yerinə yetirmiş olaram. Deyiblər: "Məsləhətçinin vəzifəsi deməkdir. Qulaq asmasalar, inciməyə dəyməz". Ey oğul, bil, insanların fitrətində elə bir xüsusiyyət vardır ki, onlar dünyada əldə etdiklərini həmişə ən əziz adamları üçün qoyub getməyə çalışırlar. Bu dünyada mənim əldə etdiyim bu sözlərdir, ən əziz adamım isə sənsən. İndi köçməyə hazırlaşarkən, əldə etdiklərimi sənə yadigar qoymaq istəyirəm. İstəyirəm sən onları oxuyub xudpəsəndliyə yol verməyəsən, yaramaz işlərdən çəkinəsən, pak əcdadlarının adına layiq yaşayasan. Ey oğul, bilməlisən ki, sənin valideynlərinin tayfası böyük və əsil- nəcabətli hökmdarlardır. Baban Şəmsülməali Qabus ibn Vəşmgirdir. Nəslin Gilan şahlarından olan Keyxosrov və ƏbülMüəyyəd övladlarının xanədanındandır. Firdövsi onların tərcümeyi-halını öz "Şahnamə"sində təsvir etmişdir. Gilan şahlığı sənin babalarına ondan yadigar qalmışdır. Sənin nənən, mənim anam "Mərzbannamə" əsərinin müəllifi şahzadə Mərzban ibn Rüstəm ibn Şərvinin qızı idi. Onun on üçüncü babası Ənuşirəvan Adil padşahın qardaşı Kavus ibn Qubad idi. Sənin anan Məlik qazı Soltan Mahmud Nasirəddinin qızı idi. Mənim nənəm deyləmilər hökmdarı Firuzanın qızı idi. Ey oğul, ağıllı ol, öz əcdadının qədrini bil, nanəcibliyə yol vermə. Hərçənd mən səndə yaxşılıq əlamətləri və xoşbəxtlik nişanələri görürəm, lakin bu sözləri təkrar etməyi lazım bilirəm: ey oğul, bil və agah ol, mənim getməyim yaxındır, sənin də mənim dalımca gəlməyin o qədər uzaq deyildir. Ona görə nə qədər ki, sağsan, gərək iş görüb fəaliyyət göstərəsən, bəlkə, beləliklə, əbədilik qazanasan. Əbədilik müvəqqətilikdən üstündür. Əbədiliyi isə yalnız bu dünyada qazanmaq olar. Bu dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə əksən, onu da biçəcəksən. Əbədilik sarayının bünövrəsi müvəqqəti olan bu dünyada qoyulmalıdır. Yaxşı adamlar bu dünyada aslan təbiətli olarlar, pis adamlar isə it təbiətli. İt tapdığını oradaca yeyər, aslan isə şikarını başqa yerə aparar. Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovun isə yaxşı əməllərindir. Çalış indi yaxşılıq elə ki, sonra xeyrini görəsən... Ey oğul, onu da bil ki, bu nəsihətnaməni, bu qiymətli kitabı mən qırx dörd fəsildən ibarət yazdım. Ümid edirəm ki, bu kitab onu yazana, oxuyana, köçürənə və dinləyənə xoşbəxtlik gətirəcək".
Allahı dərk etmək yolu haqqında
[redaktə]Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hərnə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyükYaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savayı nəvarsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman Haqq-Taalanı dərkedə bilərsən ki, özün dərketməz olasan.Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddənaxışı qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağıbacarmaz. Görmürsənmi, daşa nisbətən mum daha tez naxış qəbul etdiyindən ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar. Deməli, dərk edilmiş hər şeydə bir dərkolunma xüsusiyyəti var və o, Yaradanın nəyə qabil olduğunu göstərir. Ona görə sən özünə bax, Yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk edə biləsən. Ayıq ol, vaxtı əldən verməyəsən, çünki vaxt keçicidir, keçici şeyin isə əvvəli və sonu olar. Bağlı gördüyün bu dünyanın bağlılığına heyran olma və güman etmə ki, bu bağ həmişə açılmamış qalacaq. Sən Yaradanın yaxşılıqları və nemətləri haqqında fikirləş, özü haqqında fikirləşmə, çünki yolu o adam daha çox azır ki, yol olmayan yerdə yol axtarsın. Peyğəmbər əleyhissəlam demişkən: “Allahın nemətləri haqqında fikirləşin, zatı haqqında fikirləşməyin”. Əgər bizi yaradan Allah öz bəndələrinə Onu dərk etməyə cəsarət və ixtiyar verməsəydi, heç kəs bu barədə bir söz deməyə cürət etməzdi. Sən Haqqı nə adlandırırsan adlandır, onun haqqında nə düşünürsən düşün, bu, Yaradanın ilahiliyinə deyil, yalnız sənin acizlik və miskinliyinə dəlalət edər, çünki sən Allahı heç vaxt layiq olduğu qədər tərifləyə bilməzsən. Belə olan təqdirdə sən Onu necə dərk edə bilərsən? Əgər sən tövhidin nə olduğunu bilmək istəyirsənsə, bil ki, sənin üçün mümkün olmayan hər şey Onun üçün mümkündür, məsələn, təklik kimi. Kim təkliyin mahiyyətini anlasa, o müşriklikdən azad olar. Təklik yalnız böyük Yaradana xasdır, ondan başqa nə varsa, hamısı cütdür.