Məzmuna keç

Qadın məkri

Vikimənbə saytından
Qadın məkri
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Bir-birini sevən, sayan ər-arvad vardı. Ər namaz-niyazlı və zəhmətkeş bir adam idi. Hər vaxt namazını qılar, işindən gücündən qalmazdı.
Arvadı isə evin işin-gücünü görər, vaxtında yeməyini bişirər, qalan vaxtlarında yun əyirib corab, köynək toxuyardı.
Bir gün kişi dəstəmaz alıb namaz qılmağa başladı. Arvadı əlində corab toxuya-toxuya ərinin dualarına qulaq asır. Görür ki, əri dualarında qadın məkrindən qorunmaq üçün dua etmədi. Ərinə dedi:
– A kişi, niyə demirsən Allahım, qadın hiyləsindən, şərindən bizi uzaq elə.
Əri deyir:
– Ay arvad, qadın nədi, onun məkri nə ola?
Arvadı ürəyində deyir:
– Yaxşı, sənə göstərərəm, qadın məkri nədir?
Bu söhbətdən bir müddət keçir. Əkin zamanı gəlib çatır. Bir dəfə arvad şum eliyən ərinə çörək aparanda bir neçə balıq alır. Ər kotan qoşub yer şumlayır. Arvad ərinin yanına çatana qədər balıqları arabir şumun arasına atır. Sonra süfrə sərib ərini yedirib-içirəndən sonra süfrəni yığışdırıb evə qayıdır. Kişi yeri şumladıqca balıqlara rast gəlir. Torbasına yığıb evə gətirir. Arvadına verib deyir:
– Şumların arasından balıq gətirmişəm, bişirərsən yeyərik.
Arvadı, – yaxşı, a kişi, – deyib balıqları götürür.
Sabah kişi işdən qayıdanda görür ki, arvad başqa şey bişirib. Dinmir, fikirləşir ki, yəqin sabah bişirər. Sabah evə gələndə görür ki, arvad balıqları yenə də bişirməyib. Soruşur:
– Arvad, balıqları nə yaxşı bişirmirsən?
Arvad təəccüblə soruşur:
– A kişi, nə balığı, hansı balığı?
Kişi deyir:
– Necə nə balığı? Şumdan gətirdiyim balıqları deyirəm da!
Arvad haray salıb qışqırır:
– Ay haray... Yetişin qonşular, ərim dəli olub.
Kişi arvadını sakitləşdirməyə çalışır:
– Ay arvad, niyə bağırırsan axı, şumdan gətirdiyim balıqları deyirəm! Əlimnən sənə verdim, axı!
Arvadın harayına qonşular tökülüb gəlir. Arvad əhvalatı qonşulara danışır. Qonşular da şumda balıq olmaz, – deyib kişinin dəli olmasına təəssüflənirlər. Kişi nə qədər and-aman eləyir, heç kim ona inanmır. Qonşular arvadın xahişi ilə kişini dirəyə bağlayıb dağılışırlar.
Səhər arvad ərinin iplərini açıb yemək-çörək verib işə yola salır. Bir neçə gün belə keçir.
Bir gün kişi işdən gələndə arvad qarşılayıb süfrə ətrafında oturdur. Plov sinisini qabağına gətirir. Kişi dinməzcə qaşığı götürüb yeməyə başlayır. Bir qaşıq, iki qaşıq, üçüncü qaşıqda plovun altından balıq başı görünür. Kişi diksinib qaşığı ataraq dala çəkilir. Arvad bunu görüb soruşur:
– Nə oldu, a kişi?
Kişi qorxa-qorxa balığın başını göstərir. Arvad deyir:
– Qorxma, a kişi, sənin gətirdiyin balıqdır.
Kişi soruşur:
– Bəs deyirdiniz şumda balıq olmaz.
Arvad deyir:
– Bəli, olmaz. O balıqları şumun arasına mən atmışdım. Sənə qadın fitnəsinin nə olduğunu göstərmək istəmişdim. İndi gördünmü, qadın məkrindən Allaha sığınmaq lazımdır!