Qafqasyada müəllimlər
Qafqasyada müəllimlər (1910) Müəllif: Hüseyn Cavid |
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh. |
Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə
bölünür:
Birinci qısım; Aras aşırı qoşub gələn fanatizma dəllalları.
İkinci qısım, seminariyada (darülmüəllimin) ikmali-təhsil etmiş əfəndilər.
Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir.
Birinci qısmı təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və pək qurnaz
hərifdirlər. Buqələmun kibi hər saətdə bin rəngə girməyə müstəiddirlər.
Aras kənarına varır-varmaz hərif bir kərə düşünür, hər şeydən əvvəl kəndisi için bir
sərmayə arar. Bir yerə baqar, bir göyə baqar, aradığı sərmayəyi iki arşın göy bezdə bulur.
Marağada darğa şagirdi ikən, Aras suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa
mübarək qədəmləri ilə Qafqasyanın şu otlu, sulu toprağını müzəyyən buyurur. Beş-on gün
yüz suyu tökər, yalvarır-yaqarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki
cəmaət həpsi e’tiqadsız, seyidə baqan yoq!..
Bir də baqarsın ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb bir yana fırlatdı.
Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-topraqlı otdan-filandan aldı,
şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd önünə gələn qəsəbələrdə köylərə yüz qoydu. Şimdi
köyün hər tərəfinə qulaq versən təbibbaşı (?) cənablarının seytişöhrətşüarı təninəndaz
olmaqdadır. Lakin iş, təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz
əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə mərsiyəsini də özü oqur, hasili
para çıqacaq yer bulundumu? Yəhudi bəzzazı kibi sağına-soluna, eninəboyuna, hər
tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baqar, dua da yazar, cin də tutar. Fəqət... Fəqət
xudanəkərdə bu işlərin həpsində bir rəvacsızlıq, bir e’tinasızlıq görürsə büsbütün
məsləkini dəyişdirir. Kitabçılarda “vətən dili” çoq, tuhafiyəçilərdə vorotnik, qalstuk bol...
“Vorotnik”, “qalstuk” boyuna keçirildikdən sonra məzadçılardan, genə mal
satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taqar. Bir məktəbə dəvam etməyə
başlar.
İştə sana yeni fabrikadan çıqmış qanlı-canlı “arpazovannı” bir müəllim!.. Yalnız bircə
diplomu (attestatı) əskik...
Lakin orası da qolay, zira çənəsi gevşək bir taqım cahil mühafizəkarlara qarşı beş-on
gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki,
ən təcrübəkar müəllimlər sırasına keçmiş olur. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş baş yoq,
keçərgedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını buldumu? Artıq
əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı
coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə küçücük bir nümunə:
“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldi. Bahəme bunnan belə piş əzvəqtdən
irəli, əqsami-mütənəvviə məktəbxanələr açmaq lazimdir. Qazutlərin dilsuz və
yürəkyandıran həvadisati insanın qulağində guşzəd olanda dər həqiqətdə vətən dər
həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır”.
Bu bir. (?)
İkinci qısım də rusca təhsil edib türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri
dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kibidir.
Muşikafanə bir nəzərlə baqılsa sair müəllimlərə nisbətən onlar pək eyidirlər, pək
faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə
olmaqla bərabər bir taqım çürük, təhlikəli mevhumata aşina deyillər ki, bu da pək böyük
qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır.
Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm,
mürəttəb (sistematik) bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə
pək az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyə “pedaqogika”yə də
eyicə diqqət ediyorlar. Bir çoq dəfələr nümunə için müdirlər, nazirlər tərəfindən onlara
dərslər verilib gözəlcə tənqid olunuyorlar.
İştə on-on iki illik təhsil və təcrübə sayəsində hər nasıl olsa müəllimlik için bir
istihqaq qazanmış olurlar. Onun için Qafqasyanın pək çoq yerlərində ən ciddi çalışanların
qismi-küllisini onlar təşkil ediyorlar. Hətta bir çoq ufaq-təfək yeni təb’ olunmuş əsərlər
belə onların həmiyyətilə meydani-intişara atılıyor ki, bu da xalqı mütaliəyə alışdırmaq için
böyük bir müvəffəqiyyətdir. Lakin, bə’zi əfəndilər müstəsna olmaq şərtilə, bir çoqları
azacıq sapıyorlar ki, o sapqınlıq da bir taqım yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur.
Nümunə olmaq üzrə bir qaç sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oqumuş, türk
dilində müəllimlik edən arqadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən
istiyorum getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çoq mənfəətli məndə
olan cüz’i naxoşluğa.
...bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmi beş gün hərgah
siz də istərsiniz gəlmək, olar mənim üçün çoq yaqşı və çoq xoşbəxtlik...”
Bu da iki. (?)
İlk nəzərdə insan, şu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər
kəlməsinə diqqət etsə düzgüncə, türk sözləri olduğunu təsdiqdən kəndini alamaz. Lakin
cümlələrdəki ahəngə, o qarışıq mübtəda, xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə,
dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu
anlar.
Bu hal, bu qarışıqlıq yalnız bə’zi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət
edən, ruscaya azacıq aşina olan tüccar və kəsəbəyi dəxi ifsad etməkdədir.
Elmsiz, saf bir köylüyü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət
edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaqın, daha
munis bulursunuz.
Şimdi yuqarıda yazılmış iki qısmı bir arada müxtəsərcə xülasə edəlim.
Əvvəlinci qısımda göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı
ki, əxlaqsızlıqdan başqa bir şey deyildir, bizə gəlməz, Qafqasya için lüzumsuz və
bimə’nadır.
Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlikəlidir,
onun için də şayani-ehtirazdır.
İkinci qısım isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər.
Hələ türk lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beş-
on ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çoq, həm də pək çoq xidmət
etmiş olurlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad
etməkdə əvvəlinci qısımdan geri qalmayacaqdır.