Qal indi (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qal indi
Müəllif: Xəstə Qasım
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Obalarmız səf-səf olub yüklənir,
Başı ala qarlı dağlar, qal indi.
Biz içmədik abi-kövsər suyundan,
Soyuq sular, tər bulaqlar, qal indi.

Bivəfasan, heç görmədim vəfan, yar!
Tifil ikən çox çəkmişəm cəfan, yar!
Mən öləndə kimlər sürər səfan, yar?!
Fərş döşənmiş ağ otaqlar, qal indi.

Bivəfasan, vəfan yoxdu dünyada,
Aşnanın sirrini verərsən yada.
Şamamanı dərdirərsən xoryada,
Səbzə-bostan, sarı tağlar, qal indi.

Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan kabab oldu közlərim,
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.