Qalanar
Görünüş
Qalanar Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Beymürvət kəslərin olmaz kölgəsi,
Vəfalı dost, dost oduna qalanar.
Fitnə-fəsad ilə uyuşan insan,
Azar yolun, müdam qilü-qal anar.
Xudam xəlq eyləyib alışan məni,
Düz əhdə, ilqara alışan məni.
Dostum dar günümdə alış, an məni,
Sonra sinəm üstə istər qala nar.
Məmmədhüseyn qananlara calanar,
Qanmaza ha cala heyva, cala nar.
Gədadan uzaq ol axır calanar,
Tökülər arada olub-qalan ar.