Qalanmalıyam

Vikimənbə saytından
Qalanmalıyam
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Taleyim belədir yaranan gündən,
Nahaqdan odlara qalanmalıyam.
Nə qədər əlləşəm, var-dövlət yığam,
Bir yandan çapılıb, talanmalıyam.

Ürəyimdən od düşübdür üstümə,
Heyran-heyrab yaxanlar var tüstümə.
Təndir bilib sığınırlar istimə,
Belə dolanmışam, dolanmalıyam.

Qəlbimi qanadan yar yarasıdır,
Bəxtimin yuxusu məni sarsıdır.
Ağ Aşıq haqq üçün hey yanasıdır,
Od oğluyam, oda qalanmalıyam.