Qaldı (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qaldı Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Canım cida düşdü, gedir vətəndən,
Məkanım, məskənim, virana qaldı.
Sanki ayrılıbdı güldən, çəməndən,
Bülbülün əlacı fəğana qaldı.
Yeni gül əkmişdim, mən baxtı qara,
Bulunmaz dərdimə kim eylər çara,
Xoryat əhli dəydi heyvaya, nara,
Sinəmdə dağların nişana qaldı.
Alı, aşiq olmuş, bir əhli-dilə,
Təbibim Mövladı, dərdimi bilə,
Bir tərəhhüm eylə, sən də aqilə,
Çünki, səndən getdi, divana qaldı.