Qaldı (Bir gül əkdim, açılmamış dərdilər)
Görünüş
Qaldı Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257 |
Bir gül əkdim, açılmamış dərdilər.
Zəhmətimdən mənə bir tikan qaldı.
Əmək çəkdim, gün keçirdim, gül əkdim,
Əməyimdən solğun bir fidan qaldı!
Nə yazım yaz, nə də günüm gün oldu,
Könlümün çiçəyi açmadan soldu.
Qanadımı bir uğursuz əl yoldu.
Yerində bir damla quru qan qaldı.
Söylədiyim boş söz, tökdüyüm qan-yaş,
Haqqıma, - kim ison - əl vurma, yavaş.
Yavaş ki, dərdim ə ağlayan qardaş,
Yerində, arxamda bir düşman qaldı.
Yaralandım, sarmadılar yaramı,
Yas gününə döndərdilər bayramı.
Əlimdən aldılar son bir çaramı,
Əsəri ruhumda bir fəğan qaldı!
8 aprel, 1913