Məzmuna keç

Qaldı (Miskin Həsən)

Vikimənbə saytından
Qaldı
Müəllif: Miskin Həsən
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
İnsan oğlu qeybət etdin yoldaşdan,
Kəsdin haqq-salamı, harası qaldı?
Söz yetişdi sahibinə utandın,
Axır sənə üzün qarası qaldı.

Pislikdən nə çıxar eşit, a nadan,
Çıxmaz yaddan yüz il keçsə aradan,
Deyək ki, bir yoldaş çıxdı sıradan,
Kimə zər-zibası, xarası qaldı?

Miskin Həsən, daha bəsdi bu qədər,
Bülbül nəğmə deyər, bayquşlar ötər,
Xəncərdən, bıçaqdan, güllədən betər,
Sinəmdə pis sözün yarası qaldı.