Qaldırın

Vikimənbə saytından
Jump to navigation Jump to search
Qaldırın (XIX əsr)
Müəllif: Dollu Mustafa
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Həsən atı yıxıb çaya,
Qaldırın qızlar, qaldırın.
Hərə götürüb bir paya,
Qaldırın qızlar, qaldırın.

Həsən gəlirdi yoxuşdan,
Kişi çıxıb bərkdən, boşdan,
Atı hurküb yolda quşdan,
Qaldırın qızlar, qaldırın.

At sərpib ipə dolaşıb,
Ayağı başından aşıb,
Palçığa, zığa bulaşıb,
Qaldırın qızlar, qaldırın.

Həsən itirib başını,
At unudub yoldaşını,
Qırıb yəhərin qaşını,
Qaldırın qızlar, qaldırın.

Qapıda qoyub qulunu,
Yolda itirib çulunu,
Verməyib yarı pulunu,
Qaldırın qızlar, qaldırın.

At çırpınır, yerə dəyir,
Başı gövdəsini əyir,
Kişnəyib gözünü döyür,
Qaldırın qızlar, qaldırın.

Həsən yorğun atı neylər,
Bu dərdini kimə söylər,
Mustafa iltimas eylər,
Qaldırın qızlar, qaldırın.