Məzmuna keç

Qalmadı (Aşıq Musa)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qalmadı
Müəllif: Aşıq Musa

  
Ey fələk, sənin cövründən
Xanu xavan qalmadı.
Neçə danəndələr getdi,
Mətləb qanan qalmadı.
Çoxlarının baharını
Döndərdin zimistana,
Pozuldu baği-bənövşə,
Soldu gülşan qalmadı.

Hər kimə ki, şərbət verdin,
Tez zəhrimar eylədin;
Zülmünən yıxdın evini,
Taxtını tar eylədin.
Beş gün xoşbəxt olanların
Sonun bimar eylədin.
Nə xəstələr şəfa buldu,
Nə də Loğman qalmadı.

Kim ilə dostluq elədin,
Söylə görüm, başa-baş?!
Qəzəbindən xof elədim,
Didəm verdi qanlı yaş.
Sümüyümə lərzə düşdü,
Cismimdə yandı ataş.
Qəhrinə baş əyməkdən
Musada can qalmadı.