Məzmuna keç

Qalsın könül, yol qalmasın

Vikimənbə saytından
Qalsın könül, yol qalmasın.
Müəllif: Şah İsmayıl Xətai
Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.355.

Gəl, könül, incimə bizdən,
Qalsın könül, yol qalmasın.
Əvvəl-axır yol qədimdir,
Qalsın könül, yol qalmasın.

Ərənlər bizə busudur,
Yalan söyləyən asıdır,
Bu, gerçəklər nəfəsidir,
Qalsın könül, yol qalmasın.

Baxçada açılan güldür,
Mə’nayi söyləyən dildir,
Pəs əzəldən qədim yoldur,
Qalsın könül, yol qalmasın.

Başındadır altun tacı,
Budur ərənlər me’racı,
Kəskindir yolun qılıcı,
Qalsın könül, yol qalmasın.

Ey divanə, ey divanə,
Aşiq olan qıyar canə,
Xətayi der Taclı xanə:
– Qalsın könül, yol qalmasın.