Qapı açanım doğulub

Vikimənbə saytından
Qapı açanım doğulub
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva (2017). Nanaylı-halaylı dünyam (az). "SkyG". ISBN 978-9952-440-08-05. 2017 tarixində istifadə olunub.

Bir-birini çox sevən iki gənc evlənir. Ata-analarının onlar üçün yaratdığı hər cür şəraitdə rahat yaşamağa başlayırlar. Gənc ailə olduqları üçün hər ikisinin ata-anaları onları bir ehtiyacları varmı deyə tez-tez ziyarət edirlər. Yalnız qalıb rahat olmaq istəyən gənc evlilər belə bir qərara gəlirlər.
– Bu gün hansımızın ata-anası gəlirsə gəlsin, qapını açmayaq. Elə bilsinlər evdə yoxuq. Qapını döyüb-döyüb qayıdarlar.
Onların qərarlarından bir neçə saat keçir, oğlanın ata-anası gəlir. Qapını döyürlər. İçəridəkilər baxıb görürlər ki, gələnlər oğlanın ata-anasıdır. Gedib sakitcə divanda otururlar. Bayırdakılar qapını döyür, döyür, evdə kimsənin olmadığını düşünüb qayıdırlar. Bir neçə saatdan sonra qapı yenə döyülür. Bu dəfə baxırlar ki, gələn qızın ata-anasıdır. Yenə gedib divanda otururlar. Qapı təkidlə döyülür. Dözə bilməyən qız başlayır ərinə yalvarmağa.
Əri: – olmaz, – deyib durur. Bu dəfə qız başlayır ağlamağa. Qızın ağlamağına dözməyən oğlan gedib qapını açır. Özlərini yuxulu göstərirlər, guya eşitməyiblər.
Aradan bir vaxt keçir. Gəlin hamilə olur, vaxt-vədə çatır. Gözəl, göyçək bir qızları olur. Oğlan olmasını arzulayan ata-analar görürlər ki, qız olduğu üçün gənc ata çox sevinir. Soruşurlar:
– Biz oğlan arzulayırdıq. Sən nə yaxşı qıza bu qədər sevinirsən?
– Niyə sevinməyim? Quş olub uçmaq istəyirəm. Axı, qapıaçanım doğulub.